close

Aİ Qarabağdakı əməliyyatları pislədi

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Borrel Laçın dəhlizinin yenidən açılmasını istəyir

Avropa İttifaqı (Aİ) Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını pisləyir.

Gərginliyin səbəb olduğu itki və insan tələfatından təəssüflənir.

Bu barədə qurumun ali təmsilçisi Cozep Borrelin bəyanatında bildirilir.

Sənəddə qeyd edilir ki, atəşkəs razılaşmasının əldə olunması ilə bağlı müvafiq açıqlamalar nəzərə alınıb.

Aİ indiki zamanda hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəsə əməl olunmasını istəyir.

Təşkilat Azərbaycanı humanitar yardımın ehtiyacı olan əhaliyə təcili və maneəsiz çıxışına icazə verməyə çağırır.

Həmçinin istəyir ki, ICJ-nin 2023-cü ilin fevral və iyul tarixli Sərəncamlarına uyğun olaraq Laçın dəhlizi yenidən tam açılsın və bu yoldan istifadəyə izin verilsin.

Humanitar fəaliyyət göstərən şəxslər sərbəst fəaliyyət göstərə bilməlidirlər. Aİ və onun üzv dövlətləri təcili humanitar yardım göstərməyə hazırdırlar. Biz Bakı və Qarabağ ermənilərini təcili olaraq hərtərəfli və şəffaf dialoqa çağırırıq”, – deyə bəyanatda bildirilir.

Sənəddə o da qeyd edilir ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində qorxu və ayrıseçkilik olmadan yaşamaq hüquqlarını təmin etmək üçün məsuliyyət daşıyır.

Bildirilir ki, mülki əhalinin hərbi və ya digər vasitələrlə məcburi köçkünləşməsi Aİ tərəfindən sərt reaksiya ilə qarşılanacaq.

Aİ vəziyyətin daha da pisləşəcəyi təqdirdə müvafiq tədbirlər görməyə hazırdır. Biz həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi yenə bəyan edirik. Azərbaycanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə birmənalı sadiqliyini təsdiq etməyə çağırırıq”, – bəyanatda bildirilir.

Aİ Ermənistanın demokratik yolla seçilmiş hakimiyyətinə təhlükəsizlik və ölkədə demokratik islahatların davam etdirilməsinə bundan sonra da dəstək verməyə hazır olduğunu ifadə edir.

Bildirir ki, Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA) Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətini müşahidə etməyə və hesabat verməyə davam edəcək:

Aİ sülh müqaviləsinin bağlanmasını nəzərə alaraq Ermənistan və Azərbaycan arasında bütün gözlənilən məsələlər üzrə danışıqları bərpa etməyə çağırır və bu cür danışıqları dəstəkləməyə tam sadiqdir. Regionun bütün xalqlarının rifahı naminə uzunmüddətli sülhü təmin etmək məqsədilə, xüsusilə Avropa İttifaqı Şurasının sədrinin himayəsi və Aİ-nin xüsusi nümayəndəsinin dəstəyi ilə tərəflər arasında dialoqun asanlaşdırılmasına sadiqik”.

Cozep Borrell. Foto: “europarl.europa.eu/”

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Bunun ardınca, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək Azərbaycanın öz ərazilərində “lokal antiterror tədbirləri”nə başladığını elan edib.

Məqsədin erməni silahlılarının regiondan çıxarılması olduğu bildirilib.

Ermənistan isə açıqlama verərək bildirib ki, Qarabağda erməni qüvvələri yoxdur. Həmçinin Azərbaycanın etdiyini “irimiqyaslı təcavüz” adlandırıb.

Azərbaycanın elan etdiyi anti-terror əməliyyatı tam bir sutka sonra başa çatıb.

Qarabağ erməni icmasının nümayəndələri ilə görüş barədə razılığa gəlinib.

İlkin açıqlamada Qarabağdakı silahlıların təslim olduğu bildirilsə də, sonradan onlardan bəzilərinin dirəndiyi ilə bağlı fikirlər səsləndirilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Son zamanlarda isə Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Bildirir ki, əraziyə daimi qanunsuz silah daşınır.

Ermənistan isə bunu inkar edir, bildirir ki, ərazidə Ermənistan hərbçiləri yoxdur.

Ana səhifəSiyasətAİ Qarabağdakı əməliyyatları pislədi