close

Ailəsi bir sutkadır inanclı fəal Ağəli Yəhyayevi tapa bilmir

Ağəli Yəhyayev, foto: şəxsi hesabı

“Bəlkə də haradasa indi ona işgəncə olunur, əgər sağdırsa…”

Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağəli Yəhyayevin yaxınları bir sutkaya yaxındır ki, ondan heç bir xəbər ala bilmədiklərini deyirlər. Son bir neçə ayda yüzlərlə dini inanclının, o cümlədən Müsəlman Birliyi Hərəkatının onlarla üzvünün həbs olunduğunu nəzərə alaraq, ailə üzvləri onun da polislər tərəfindən saxlandığlnı ehtimal edir.

“Əgər haradasa öldürülməyibsə, başına faciə gətirilməyibsə, böyük ehtimal ki, həbs olunub. Hökümətlə hökümətlik etmirik. Sadəcə, ailəsi olaraq, saxlandığı yeri bilmək haqqımızdır”, – bacısı Elnarə Eldar bildirib.

Onun sözlərinə görə, Ağəli Yəhyayev indiyədək iki dəfə uzunmüddətli, iki dəfə də inzibati həbsdə olub. O, ümumilikdə 10 il 2 ay həbs həyatı yaşayıb. Onun uzunmüddətli həbslərindən biri 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı olub:

“Qardaşım keçmiş  siyasi məhbus və icimai fəaldır. Ağəli heç kimdən artıq deyil. Həbs olunacağını da çoxdan gözləyirdik. Hətta özü zarafata deyirdi ki, “məni bu dəfə həbs etməyəcəklər, birdəfəlik öldürəcəklər”. Amma yerini desinlər…”.

Ailə üzvlərinin bildirdiyinə görə, Ağəli Yəhyayevin vəkili onun yeri haqda məlumat almaq üçün Daxili İşlər Nazirliyinin “102” xidməti, Ombudsman Aparatı da daxil olmaqla, müxtəlif dövlət orqanlarıyla əlaqə saxlayıb. Amma hələlik heç bir nəticə yoxdur.

“Bəlkə də haradasa indi ona işgəncə olunur, əgər sağdırsa…” , – bacısının sözləridir.

Avqustun 25-də Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü, 2015-ci ilin noyabrında Nardaranda polis əməliyyatı zamanı onurğasından güllələnərək hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadovun evində axtarış aparılıb. Əbülfəz Bünyadovun evindən müxtəlif kitablar, planşet və telefon götürülüb.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Ana səhifəXəbərlərAiləsi bir sutkadır inanclı fəal Ağəli Yəhyayevi tapa bilmir