close

Rəsmi Bakı Laçın dəhlizi ilə bağlı ABŞ-ın iddialarına cavab verdi

Laçın yolu, foto: Reuters

XİN blokada şəraiti ilə bağlı deyilənləri təkzib edir

Amerika Birləşmiş Ştatları humanitar yardımın Qarabağ sakinlərinə çatması üçün son bir neçə həftədir ki, tərəflərlə davamlı işləyir.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bəyanatında bildirib.

“Dağlıq Qarabağda ərzaq, dərman və digər zəruri olan məhsulların tədarükünün dayandırılması nəticəsində humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq. Bakı və Stepanakertin (Xankəndi) nümayəndələri dərhal görüşməli və Dağlıq Qarabağ sakinlərinə humanitar yardımın çatdırılması barədə razılığa gəlməlidirlər”, – diplomat bildirib.

Metyu Miller deyib ki, humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir:

“Biz Laçın dəhlizini humanitar, kommersiya və sərnişin daşımaları üçün dərhal açmağa çağırışımızı bir daha təkrar edirik. Hər iki tərəfin rəsmi nümayəndələri Dağlıq Qarabağın kişi, qadın və uşaqlarına həyati əhəmiyyətli ləvazimatların çatdırılması yollarını razılaşdırmalıdırlar”, – Miller əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin bəyanatında Laçın dəhlizi ilə bağlı irəli sürülən ittihamları təkzib edib.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə hümanitar yardımın verilməməsi, həmçinin Qarabağdakı ermənilərin blokada şəraitində olması fikirlərini əsassız adlandırıb.

Xatırladıb ki, qarşı tərəf bir neçə gün öncə göndərilən 40 ton humanitar yardım yüklənmiş iki yük maşınını Xankəndiyə (Stepanakert) buraxmayıb:

“Erməni sakinlərin bəzi nümayəndələrinin hümanitar yardım olan yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması, bölgədə “gərgin humanitar vəziyyətin” mövcudluğu iddialarını əsassız edir”.

O əlavə edib ki, Azərbaycan tərəfi dəfələrlə bölgəyə hümanitar yardım göndərməyə, danışıqlara girməyə çalşsa da, Ermənistan tərəfi buna razılaşmayıb və bu da ABŞ-a bəllidir:

“Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir. Azərbaycan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır”.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir neçə gündür ki, Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulu Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postu qarşısında giriş icazəsi gözləyir.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəXəbərlərRəsmi Bakı Laçın dəhlizi ilə bağlı ABŞ-ın iddialarına cavab verdi