close

Akif Çovdarov və ailəsinin 30 milyonluq əmlakı yenidən müsadirə olundu

Source: Arxiv

 Bakı Apelyasiya Məhkəməsi qərarını açıqladı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş, keçmiş general Akif Çovdarovun özü və ailəsinin təxminən 30 milyon manatlıq əmlakı yenidən müsadirə olunub. Bakı Apelyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar qəbul edib.

Akif Çovdarovun 12 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılanda həm də həmin əmlakların müsadirəsinə qərar verilmişdi. Lakin keçmiş MTN generalının ailə üzvləri hökmdən şikayət verərək, əmlakların onlara məxsus olduğunu bildirərək, müsadirə qərarının qanunsuz və və əsassız olduğunu iddia edirdi. 2020-ci ildə Akif Çovdarov həbsdən buraxılandan sonra da əmlakların qaytarılması üçün hüquqi müstəvidə çəkişmə davam edirdi.

2022-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası təxminən 30 milyonluq əmlakla bağlı müsadirə qərarını ləğv edib, əmlakların Akif Çovdarovun ailə üzvlərinə qaytarılması barədə qərar çıxarmışdı. Həmin qərardan həm prokurorkuq Ali Məhkəməyə protest vermiş, həm də Çovdarovun işi üzrə zərərçəkmiş qismində tanınan bəzi şəxslər narazı qalaraq, şikayətçi olmuşdular.

2023-cü ilin aprelində bu məsələyə baxan Ali Məhkəmə müsadirə olunmuş əmlakların geri qaytarılması haqda qərarı ləğv edib. Belə nəticəyə gəlib ki, Apelyasiya məhkəməsinin qərarı əsassızdır və bu məsələyə yenidən baxılmalıdır. İş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Onun əsasında da bu gün yenidən həmin məsələyə baxılıb.

Müsadirə olunanlar arasında aşağıdakı əmlaklar var:

“8-ci kilometr bazarı” adlanan ticarət bazarının səhmlərinin 50 faizi;

Biləcəri qəsəbəsində 0.6 hektar və 560 kvadrat metr torpaq sahələri – 300 min və 95 min manat;

Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kvadrat metrlik obyekt – 230 min manat;

Bülbül prospekti ev 65, mənzil 38 – 483 min manat;

Novxanı kəndində bağ evləri – 800 min manat, 700 min manat;

Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi – 400 min manat;

Şamaxı rayonu Nağaraxana kəndində hektarlarla torpaq sahələri və tikililər – 750 min manat;

Kürdəmir rayonunda torpaq sahələri və tikililər – 650 min manat;

Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeyri-yaşayış sahələri;

Bakıda 7-ci mikrorayonda 4941 kvadrat metrlik 6 mərtəbəli bina – 3.1 milyon manat;

Nəsimi rayonu, Cavadxan küçəsi 62 ünvanında 7 mərtəbəli qeyri-yaşayış binası – 4.5 milyon manat…

Vətəndaşların pullarını, əmlaklarını ələ keçirmək üçün onları MTN-ə gətirib hədələməkdə, zor tətbiq etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, əməliyyat-axtarış tədbirləri və s. məqsədlərlə ayrılmış vəsaitlərin mənimsənilməsində və başqa əməllərdə ittiham olunan Akif Çovdarov 2015-ci ildə həbs edilib. O, 12 il azadlıqdan məhrum olunub. Lakin 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxılıb. O, məhkəmədə ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

Ana səhifəXəbərlərAkif Çovdarov və ailəsinin 30 milyonluq əmlakı yenidən müsadirə olundu