close

Ali Məhkəmə Kürdəmirin həbs olunmuş icra başçısının cəzasını yüngülləşdirdi

Keçmiş icra başçısı Ceyhun Cəfərov. Foto: Kürdəmir İH

Həbs olunan digər məmurların da işi azaldılıb

Ali Məhkəmə Kürdəmirin keçmiş icra başçısı, 2020-ci ilin avqustunda əməliyyat nəticəsində həbs olunan Ceyhun Cəfərov və onunla birlikdə mühakimə olunan başqa sabiq məmurların cəzasını yüngülləşdirib. Bu barədə iyulun 28-də Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Cəzası yüngülləşdirilənlər arasında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, xəstəxananın baş həkimi olmuş Məhəmməd Musayev, Təhsil Şöbəsinin keçmiş müdiri Mətləb Allahverdiyev, bu qurumun sabiq baş mühasibi Rəcəb Hüseynov da var.

Ali Məhkəmənin qərarına əsasən, keçmiş icra başçısının cəzası 6 ildən 4 il 6 aya endirilib. Tacəddin Novruzovun cəzası 4 il 5 ay, digərlərinin cəzası isə 4 il 4 aya qədər azaldılıb.
Bu qərardan əvvəl vəkillər çıxış edib.

Keçmiş icra başçısı Ceyhun Cəfərovun vəkili Ağalar Ağaşirinov müvəkkilinin səhhətində problemlər olduğunu vurğulayıb. Vəkil onun cəzasını 3 ilə endirilməsini, indiyədək həbsdə olduğu müddətlə kifayətlənməyi və onun azadlığa buraxılmasını xahiş edib.

Ali Məhkəmə
Foto: Meydan TV

“Ceyhun Cəfərova yerin tərkinin dəyişməsilə bağlı da ittiham verilib. Bu epizod üzrə zərərçəkən qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tanınıb. Halbuki, o hadisə baş verəndə Ceyhun Cəfərov icra başçısı deyildi”, – vəkil bildirib.

Müdafiəçi əlavə edib ki, Ceyhun Cəfərov 5 milyon manatlıq yeyintidə ittiham olunsa da, bu vəsaitləri özü mənimsəməyib. Həmin vəsaitlər Kürdəmir rayonunun inkişafı istiqamətində görülən işlərə xərclənib.

Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il 6 ay azadlıqdan məhrum edilib. 2022-ci ilin avqustunda Şirvan Apelyasiya Məhkəməsi cəzasını 6 ilə endirib.

Ceyhun Cəfərov və onunla birlikdə həbs olunan şəxslər rüşvət almaqda, büdcədən ayrılmış vəsaitləri mənimsəməkdə və digər əməllərdə ittiham olunur.

Ana səhifəSiyasətAli Məhkəmə Kürdəmirin həbs olunmuş icra başçısının cəzasını yüngülləşdirdi