close

“Azərbaycan Hava Yolları” və “Buta Airways” AZAL brendi altında birləşir

Foto: AZAL

Məlumatda deyilir ki, birləşmədən sonra da eyni sərfəli qymətlərdən istifadə etmək mümkün olacaq

“Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.

Bu barədə məlumat yayan AZAL bildirib ki, birləşmə bu ilin oktyabrında baş tutacaq.

“Bu birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərin sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək. Eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək”.

AZAL əlavə edir ki, “Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.

“Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərimizə yenilənmiş menyu təqdim olunacaq”.

Məlumatda qeyd edilir ki, istiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az  internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq:

“Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq”.

“Buta Airways” ilk biletlərini 2017-ci il iyulun 11-də satışa çıxarmışdı.

“Buta Airways” “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsidir və Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti idi.

Aviaşirkət Bakıdan Türkiyə, Gürcüstan, Ruisiya, Qazaxıstan, Özbəkistan İran və başqa ölkələrə uçuşlar gerçəkləşdirirdi. Təyyarə parkına “Embraer” E190 və E170 təyyarələri daxil olan “Buta Airways”ın fəaliyyətə başlaması ilə aşağı büdcəli “AZALJET”in fəaliyyəti dayandırılmışdı.

“AZALJET”in yaradılmasına isə 2016-cı ilin əvvəlində başlanmışdı. Bu brend adı altında uçuşlara həmin il martın 28-dən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetirilməyə başlanmışdı.

2016-cı ilin dekabrında hökumət “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni açıqladı. Həmin xəritədə yeni aşağı büdcəli aviaşirkətin – “Buta Airways”ın yaradılması nəzərdə tutulurdu.

Ana səhifəXəbərlər“Azərbaycan Hava Yolları” və “Buta Airways” AZAL brendi altında birləşir