close

Almaniyadan sülh çağırışı: Baerbok əvvəl Yerevana, sonra Bakıya gedəcək

Annalena Baerbok. Foto: Alexandros Michailidis/shutterstock

Almaniyalı nazirin Qarabağdan gedən qaçqınlara baş çəkəcəyi də bildirilir

Bu həftə Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana səfər edəcək.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) noyabrın 2-də yaydığı məlumatda  bildirilir ki, səfərin məqsədi Yerevan və Bakı arasında sülh danışıqlarını dəstək verməkdir.

XİN sözçüsü Sebastyan Fişer deyib ki, noyabrın 3-də Annalena Berbok həmkarı Ararat Mirzoyan ilə danışıqlar aparmaq üçün Ermənistana gedəcək.

Nazir həmçinin Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına və Dağlıq Qarabağdan olan erməni qaçqınların yerləşdiyi düşərgələrə baş çəkəcək”,-deyə Fişer əlavə edib.

Annalena Berbok noyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparmaq üçün Bakıya səfər edəcək.

S.Fişer bildirib ki, Almaniya davamlı sülhə sadiqdir, regionda etimad və barışığın yaradılması çox vacibdir.

“Məqsəd ermənilərin və azərbaycanlıların öz milli sərhədlərində sülh və əmin-amanlıq şəraitində yaşaya bilməsi üçün danışıqlar yolu ilə hərtərəfli sülh həllidir“,- Sebastyan Fişer belə deyib.

Sentyabrın 22-də BMT Təhlükəsizlik Şurasının iclasında Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanı Qarabağda hərbi əməliyyatlara əl atmamaq barədə vədini pozmaqda ittiham etmişdi.

Ondan iki gün əvvəl Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Mixael Rot (Almaniya Sosial Demokrat Partiyası) Almaniya hakimiyyətini Azərbaycan rəhbərliyinə Qarabağda hərbi əməliyyatın dayandırılmasının zəruriliyi barədə siqnal göndərməyə çağırmışdı:

Biz Bakıya aydın mesaj verməliyik ki, bu soyuqqanlı təcavüzü qəbul etmirik”.

Annalena Berbokun Bakıya ikinci səfərinin olduğunu bildirən Almaniyanın Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin rəhbəri Marcel Viëtor Meydan TV-yə deyib ki, nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

“Almaniya davamlı sülhə, regionun siyasi və iqtisadi diversifikasiyasına və Aİ ilə sıx və yaxşı
münasibətləri üçün çalışır. Bunun üçün regionda etimad və barışıq yaradılması çox vacibdir. Məqsəd azərbaycanlıların və ermənilərin öz milli sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində yaşaya bilmələri üçün danışıqlar yolu ilə hərtərəfli sülh həllidir”
, – deyə Marcel Viëtor əlavə edib.

Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann (Azad Demokrat Partiyası) da analoji aspektdə çıxış etmişdi.

Siyasi şərhçi Əhməd Əlili ötən həftə Meydan TV-yə müsahibəsində bildirmişdi ki, Azərbaycanla Almaniyanın münasibətlərinin kifayət qədər rasional bazisi var:

Azərbaycan tərəfdən də proseslərdə Almaniyanın rolunun artması çox arzu edildi. Son 4-5 ayda bu, bir neçə səbəbə görə kəskin dəyişdi, ən vacib səbəb Almaniyanın Avropa daxilində ciddi təzyiq altında olmasıdır. Çünki Almaniyanın Avropa siyasətində özünəməxsus rolu olub, yəni digərləri emosional bəyanatlar versə də, Berlin rasional, düşünülmüş, uzun müzakirədən sonra bəyanat səsləndirdi. Adi bir misal, son 30 ildə Rusiyayla bağlı bütün Avropa ölkələri sərt tənqid səsləndirsələr də, Berlin şimal ölkəni Qərb bazarlarına yaxınlaşdırmaq, orda alman şirkətlərini artırmaqla Rusiyanın dağıdıcı gücünü neytrallaşdırmaq məqsədi güdürdü”.

2022-ci ilin fevralında Rusiya Ukraynaya savaş açır, nəticədə Almaniya və Fransanın şimal ölkəylə bağlı təqdim etdikləri vizyon sıradan çıxır. Ona görə də hansısa ölkənin emosional münasibətindən sonra Berlinin bu istiqamətdə imkanları məhduddur, səbəb də Rusiyayla bağlı son xatırlatdığım hadisələrdir. Əminəm ki, bu, imiclə bağlı məsələdir, bir müddət sonra Berlin ənənəvi roluna qayıdacaq”, – deyə o qeyd etmişdi.

Oktyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı-Yerevan arasında sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsipin razılaşdırıldığını bildirmişdi:

Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratmetr olduğunu başa düşməklə. Azərbaycanın isə 86,600 kv. km ərazisini tanımalıyıq. İkinci prinsip Alma-Ata Bəyannaməsini ehtiva edir, yəni plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır”.

Nəhayət, üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasını özündə əks etdirir. Bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir“, – deyə Paşinyan qeyd etmişdi.

Ana səhifəSiyasətAlmaniyadan sülh çağırışı: Baerbok əvvəl Yerevana, sonra Bakıya gedəcək