“Sadıqov işi Azərbaycanda müstəqil medianın kökünün kəsilməsi tendensiyasını davam etdirir”
“Amnesty International” azərbaycanlı jurnalist Əfqan Sadıqovun Gürcüstandan ölkəsinə ekstradisiyasının qarşısını almağa çağırıb.
Əfqan Sadıqov “Azel.TV”-nin baş redaktorudur. O, avqustun 3-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində polis tərəfindən saxlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılandan sonra məlum olub ki, Azərbaycan tərəfi barəsində cinayət işi açıb, onu beynəlxalq axtarışa verib. Jurnalist və ailəsi suçlamaları rədd edir, siyasi sifariş adlandırır. Əfqan Sadıqov hazırda Gürcüstanda deportasiya həbsxanasında saxlanılır.
“Amnesty İnternational”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Gürcüstan hakimiyyəti beynəlxalq hüquq və geri qayıtmamaq prinsipinin tələblərinə uyğun olaraq, Əfqan Sadıqovun ekstradisiyası cəhdlərini dərhal dayandırmalı, ona və həyat yoldaşına beynəlxalq müdafiə təmin etməlidir:
“Azərbaycana ekstradisiyası onu işgəncə, əsassız həbs və ədalətsiz məhkəmə də daxil olmaqla ciddi insan hüquqları pozuntuları riski ilə üz-üzə qoyacaq. Sadıqov işi Azərbaycanda müstəqil medianın kökünün kəsilməsi tendensiyasını davam etdirir. İndi təzyiqlər COP 29-a qədər daha da güclənib”.
Təşkilat qeyd edir ki, Gürcüstan hakimiyyəti beynəlxalq hüquq və geri qayıtmamaq prinsipinin tələblərinə uyğun olaraq, Əfqan Sadıqovun ekstradisiyasına cəhdləri dərhal dayandırmalıdır.
““Amnesty International” həmçinin Azərbaycan hakimiyyətini jurnalistlərə və digər hökumət tənqidçilərinə qarşı siyasi motivli təqibləri dayandırmağa və yalnız ifadə azadlığı hüququnu həyata keçirdiklərinə görə həbs olunanların hamısını dərhal azad etməyə çağırır”, – Denis Krivoşeyev əlavə edib.
Əfqan Sadıqov 2023-cü ilin dekabrından Gürcüstanda yaşayır. 2020-ci ilin mayında Sadıqov ədalətli məhkəmə araşdırması hüququnu pozan məhkəmədən sonra siyasi motivli “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2023-cü ilin mayında əfv olunub, lakin hakimiyyətin təhdid və təqibləri ilə üzləşməyə davam edərək vətənini tərk etməli olub. Bu ilin iyulunda Gürcüstan hakimiyyəti onun Türkiyəyə getməsinə qadağa qoyub və ona yalnız Azərbaycana gedə biləcəyi barədə məlumat verib. Ona qarşı hədə-qorxu və qəsb maddəsi ilə yeni cinayət işi açılıb.
“Amnesty İnternational” COP 29-dan əvvəl Azərbaycanda müstəqil jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin oxşar qondarma ittihamlarla həbs edilməsi ilə bağlı çoxsaylı halları sənədləşdirib.