close

“Tərtər işini ədalətli araşdırmaq üçün bu 3 nəfər mütləq dindirilməli idi”

“Tərtər işi”, Foto: Meydan TV

Tərtər işgəncələrində ittiham olunanlarla bağlı apelyasiya məhkəməsinin qərarı açıqlandı

2017-ci ilin mayında Tərtərdə yüzlərlə əsgər və zabitə işgəncə verilməsi, nəticədə onlardan bir neçəsinin ölümündə ittiham edilərək həbs olunan şəxslərdən 4 nəfərin – hərbi hissə komandiri Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, orada müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun işi üzrə apelyasiya məhkəməsinin qərarı açıqlanıb.

Avqustun 5-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən polkovnik-leytenant Vüsal Ələsgərovun vəkili çıxış edib. Vəkil Samir İsayev məhkəmə prosesində hərtərəfli araşdırma aparılmamasından narazılığını dilə gətirib. O bildirib ki, Tərtər hadisələrilə əlaqədar 3 nəfər – müdafiə naziri Zakir Həsənov, həmin hadisələr baş verəndə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov və korpus komandiri Hikmət Həsənov dindirilmirsə, deməli, ədalətli məhkəmə araşdırmasından da danışmaq olmaz:

“Vüsal Ələsgərov ədalətli məhkəmə qarşısında dayana bilmədi. Onun haqqında hökm çıxarmaq üçün bu 3 nəfər mütləq çağırılıb dindirilməli idi. Müəyyənləşdirilməli idi ki, bunlar əmr veribmi, yoxsa özbaşına hərəkət eləyiblər?”.

Vəkil deyib ki, bu işə baxan hakimlərin savadına şübhəsi yoxdur. Lakin Tərtər işi üzrə ədalətli qərar verilməsi üçün savadla yanaşı, cürət və prinsipiallıq da lazımdır.

Müvəkkilinə qarşı ittihamları təsdiqləyən heç bir dəlil-sübut olmadığını bildirən müdafiəçi çıxışının sonunda Vüsal Ələsgərova bəraət verilməsini istəyib.

Ötən məhkəmə iclasında prokuror da çıxışında hökmün dəyişməsini istəmişdi. Dövlət ittihamçısı bildirmişdi ki, Bakı Hərbi Məhkəməsinin hökmünü cəza ilə bağlı hissədə ədalətli hesab etmirlər. Bu səbəbdən hökmün dəyişməsini, verilən cəzaların artırılmasını tələb edir.

Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası isə Bakı Hərbi Məhkəməsinin hökmünün dəyişmədən qüvvədə saxlanması barədə qərar qəbul edib.

2023-cü il noyabrın 29-da Bakı Hərbi Məhkəməsində çıxarılan hökmə əsasən, Rüstəm Ələsgərov 9 il 6 ay, digər 3 nəfər – Vüsal Ələsgərov, Rəşid Niftəliyev və Ramil Qarayev isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onlar özlərini təqsirli bilmirlər.

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

Tərtərdəki işgəncələrlə əlaqədar həbsdə olanlardan daha 4 nəfərə iyunda hökm oxunub. Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmuş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilib. Onlar da hökmdən narazıdır və apelyasiya şikayəti veriblər.

5 nəfərlik daha bir qrupun məhkəməsi isə davam edir. Bu qrupda Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.

Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.

Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası və Hikmət Həsənovun köməkçisi vəzifəsində çalışıb.

Tərtər işgəncələrinə görə həbsdə olan şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasət“Tərtər işini ədalətli araşdırmaq üçün bu 3 nəfər mütləq dindirilməli idi”