close

Gürcüstan Prezidenti oliqarx Bidzina İvanişvilini debata çağırıb

Salome Zurabişvili və Bidzina İvanişvili. Foto: Reuters

“O, bəzi mövqeləri ictimaiyyətə izah etməyə borcludur”

Avqustun 5-də Gürcüstan Prezidenti Salome Zurabişvili mətbuat konfransı keçirib. Konfransda hökumətə yaxınlığı ilə bilinən “Birinci kanal”, “İmedi” və “PosTV” jurnalistləri iştirak etməyib.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini debata çağırıb. Prezident qeyd edib ki, o, cəmiyyətdə mövcud olan suallara cavab verməlidir.

“Əgər mənimlə şəxsən görüşmürsə, o zaman müzakirəyə gəlsin. Mən hazıram və müzakirəyə dəvət edirəm. Madam ki, o, özünü dövlətin əsas hökmdarı hesab edir və mən də dövlətin birinci şəxsiyəm, o zaman müzakirələrdə bəzi məqamları vurğulayaq, mən də öz adımdan suallar verəcəm. O, bəzi mövqeləri ictimaiyyətə izah etməyə borcludur”.

Zurabişvili vurğulayıb ki, hakimiyyətdə olan partiya İvanişvilinin əmrini yerinə yetirib, Qərbyönlü yoldan dönərək ölkəni təcrid edib.

Gürcüstan Prezidenti: ölkədə korrupsiya görünməmiş səviyyədədir

Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, ölkədə korrupsiya görünməmiş səviyyədədir. Dövlət başçısı qeyd edib ki, korrupsiya ən böyük bəladır.

“Bütün cəmiyyət bilir ki, korrupsiya indiyədək heç vaxt görmədiyimiz səviyyəyə yüksəlib. Hətta Mişanın dövründə belə deyildi – o zaman xaricdə hamı elit korrupsiyadan danışırdı və biz biznesə təzyiqdən xəbərdar idik, amma bu gün on dəfə çoxdur.
Yeri gəlmişkən, çox maraqlıdır ki, hamı Mişanın avtoritar rejiminin addımlarını necə izləyir, amma islahatların əvvəlində olan yaxşı addımları izləmirlər”
, – deyə Zurabişvili bildirib.

Prezident müxalifət partiyalarının koalisiya yaratmasını alqışlayır

Gürcüstan Prezidenti oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının koalisiya yaratmasını alqışlayır. Salome Zurabişvili onların birləşməsinin vacibliyindən danışaraq bəyan edib ki, “hər kəs hər kəsə öz səslərini müdafiə etməyə kömək etməlidir”.

Media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında dövlət başçısı kiçik partiyaların koalisiyaya qoşulmasının vacibliyindən danışıb və vurğulayıb ki, əsas odur, 5 faizdən aşağı olan partiyalar səsini itirməsin və “Gürcü Arzusu”na keçməsin.

“ABŞ-nin Gürcüstan Silahlı Qüvvələrini və Luqar laboratoriyasını maliyyələşdirməyi dayandırmaq qərarını başa düşmürəm”

Prezident Salome Zurabişvili ABŞ-nin Gürcüstan Silahlı Qüvvələrini və Luqar Laboratoriyasını maliyyələşdirməyi dayandırmaq qərarını birmənalı qarşılamayıb.

“Amerikanın bu reaksiyasına təəccüblənmirəm. Başqa cür necə ola bilərdi ki, siz 30 ildən artıq bir müddətdə ölkəyə dövlət quruculuğunda təkcə maddi deyil, həm də müstəqil, iqtisadi cəhətdən sabit bir dövlət kimi ayağa qalxmaq üçün bütün səylərinizi sərf edirsiniz və birdən-birə, anlaşılmaz və izahat olmadan, sizə düşmən deyirlər, nədəsə ittiham edirlər, anlaşılmaz, eşidilməyən sui-qəsd nəzəriyyələri səsləndirilir. (Prezident “Gürcü Arzusu”nun ABŞ-nin Gürcüstanın daxili işlərinə qarışması, dövlət çevrilişi hazırladıqlarını deməsini nəzərdə tutur-red.)
“Amerika sizin oynadığınız balaca uşaq deyil. O, dünyanın ən qüdrətli dövlətlərindən biridir, siz buna belə yanaşırsız və reaksiya verməyəcəyini düşünürsünüz? Mən Gürcüstan Prezidenti kimi buna təəssüflənirəm”.

“Hökumətin cəzalandırıla biləcəyi və cəzalandırılmalı olduğu bir çox sahə var, amma dövlətimizin və müdafiəmizin dayağı olan gürcü ordusu, xüsusən də tamamilə Amerika tərəfindən yaradıldığı üçün cəzalandırıla bilməz”, – deyə Salome Zurabişvili bildirib.

Prezident: ““Gürcü Arzusu”nun son ümidi seçiciləri Saakaşvili fiquru ilə qorxutmaqdır”

Gürcüstan Prezidenti Salome Zurabişvili əmindir ki, “Gürcü Arzusu”nun yalnız bir işi qalıb – seçiciləri eks Prezident Mixail Saakaşvilinin fiquru ilə qorxutmaq. O qeyd edib ki, bu, hakimiyyətdə olan partiyanın parlament seçkilərində qələbəyə son ümididir.

Dövlət başçısı Gürcüstanın eks Prezidentinin həbsi ilə bağlı növbəti dəfə danışıb. Jurnalistin keçmiş Prezidenti əfv edib-etməyəcəyi ilə bağlı sualına Zurabişvil cavab verib ki, o, əvvəllər bu suala “birdəfəlik” cavabını verib.

O hesab edir ki, “Gürcü Arzusu” seçiciləri qorxutmaq üçün Mixail Saakaşvilinin yenilənməsinə ehtiyac duyur:

Maraqlıdır ki, onun bütün məhkəmələri və çıxışları canlı yayımlanır. Mən heç vaxt belə bir şey görməmişəm. Canlı yayımlar məhdudiyyətsiz həyata keçirilir ki, o, oradan siyasi bəyanatlar verə bilsin, çünki “Arzu”nun son ümidi seçiciləri Saakaşvili ilə qorxutmaqdır”.

“Saakaşvili bu gün aktual deyil. Bu gün Gürcüstanı gələcəkdə nə gözlədiyi vacibdir. Əvvəlcə Gürcüstanı xilas etməliyik, sonra Saakaşvilinin taleyi öz yerini tutacaq”, – Zurabişvili bildirib.

2022-ci ildə Mixail Saakaşvilini əfv edib-etməyəcəyi ilə bağlı suala Salome Zurabişvili belə cavab vermişdi: “Xeyr və heç vaxt!”

Xeyr və heç vaxt, heç kimə rəhm etməyəcəyəm, fərziyyəni dayandırın”, – deyə Prezident sosial şəbəkə hesabında yazmışdı.

Ana səhifəDünyaGürcüstan Prezidenti oliqarx Bidzina İvanişvilini debata çağırıb