close

Ani Lorakdan Ukrayna Silahlı Qüvvələrinə yardım etməsilə bağlı suala cavab

Ani Lorak. Foto: Wikipedia

“Mən müğənniyəm, siyasətçi deyiləm”

Müğənni Ani Lorak Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

O, bu barədə “İnstagram” hesabında yazıb.

İfaçı etiraf edib ki, evlərini itirmiş ailələrə, ukraynalı məcburi köçkünlərə eləcə də özü internatda oxuduğu üçün kimsəsiz uşaqlara kömək edir:

“Bu, evlərini itirmiş insanlara ünvanlı yardımdır. Mən heç vaxt heç kimə hərbi yardım göstərməmişəm və etmək niyyətində deyiləm, çünki bu, inandığım hər şeyə ziddir. Mən müğənniyəm, siyasətçi deyiləm”.

Müğənni mətbuatda haqqında yazılan məlumatların yalan olduğunu deyib.

Jurnalistlərdən onun adı ilə manipulyasiya etməyi dayandırmağı tələb edib.

Onları təsdiqlənmiş faktlara əsaslanan dürüst məlumatları dərc etməyə çağırıb.

Avqustun sonunda Ani Lorakın Rusiyadakı yubiley konsertinin Ukrayna Silahlı Qüvvələrini dəstəklədiyinə dair şübhələrə görə ləğv edilməsi tələb edilib.

Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Moskva vilayətinin qubernatoruna müvafiq məktubla müraciət edib.

Kim zəmanət verə bilər ki, Lorakın konsertlərindən əldə olunan gəlir ruslara qarşı döyüşənlərə dəstək məqsədilə xərclənməyəcək?” – Borodin müraciətində deyib.

Ani Lorakın konserti sentyabrın 27-də “Crocus City Hall”da olacaq.

Bu ilin iyulunda Ani Lorakın Antalaydakı konserti ləğv olunmuşdu.

Ukraynanın Antalyadakı konsulu Oleksandr Voronin bildirmişdi ki, Ukraynanın Ankaradakı səfirliyi və Antalyadakı Konsulluğu, həmçinin Ukrayna cəmiyyətinin birgə cəhdləri nəticəsində konsertin keçirilməsinə mane olublar.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayandan sonra müharibəni pisləyənlərdən biri də Ani Lorak olub.

Müğənni digər sənətçilər kimi “İnstagram”ında müharibəni dayandırmağa çağırış edib.

Müharibənin irəliləyən aylarında susqunluğuna görə Ukrayna və Rusiya mətbuatında müğənni qınanmağa başlanıb.

Bundan sonra Lorak açıq məktubla müraciət edib.

Bildirib ki, onun adı müxtəlif siyasi və media manipulyasiyaları üçün kinli şəkildə istifadə olunur.

Baş verənlərlə əlaqədar bir müddət yaradıcılığına ara verən müğənni 2023-cü ildə fəaliyyətini təzədən bərpa etdiyini elan edib.

Rusiyada qastrollar planlaşdıran müğənninin Ukrayna Silahlı Qüvvələrini dəstəkləməsi iddiası ilə konsertləri ləğv olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il oktyabrın 20-də Ukraynada doğulan, lakin Rusiyada peşəkar fəaliyyət göstərən şəxslərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edib.

3600-dən çox fiziki və hüquqi şəxs adı daxil edilən siyahıda Ani Lorak da olub.

Nəticədə Lorak Kiyevdə 400 kvadratmetrlik 1,5 milyon dollar  dəyərində evini itirib.

Ani Lorak Ukraynanın qərbində doğulub.

Musiqi karyerasına da orada başlayıb.

“Eurovision 2008” Beynəlxalq Musiqi Müsabiqəsinin ikincisi olandan sonra ona Ukraynanın Xalq artisti adı verilib.

Müğənni karyerasını daha sonra Rusiyada davam etdirib.

Hazırda Ani Lorak həm Ukrayna, həm də Rusiyada arzuolunmaz şəxs sayılır.

Ana səhifəMədəniyyətAni Lorakdan Ukrayna Silahlı Qüvvələrinə yardım etməsilə bağlı suala cavab