close

“Müdafiə Xətti” hesabat yayıb: “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşib”

Aksiya, Foto: Meydan TV

Təşkilat deyir ki, insan hüquqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdalanıb

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı 2023-cü ilin iyun, iyul, avqust ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb.

Hesabatda bildirilir ki, ölkədə Azərbaycan Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib. İnsan hüquqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdalanıb.

Konstitusiyanın III fəslində təsbit edilən əsas insan və vətəndaş hüquqları və azadlıqları – hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq hüquqları, sərbəst toplaşmaq, vicdan, söz və fikir, mətbuat və məlumat azadlıqları pozulub, qanunsuz cəzalandırmalar geniş vüsət alıb. Dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə təminat verməyib. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ məhdudiyyətlərlə müşayiət edilib”, – hesabatda bildirilir.

Media, siam.pukkato/Shutterstock

Təşkilat qeyd edir ki, Azərbaycan hökuməti hüquqi və siyasi açılımlara maraq göstərməyib, əksinə, tənqidçilərə qarşı repressiv tədbirləri genişləndirib.

Hakimiyyət qollarına demokratik idarəetmə yad olub.

Dövlət hakimiyyəti orqanları vətəndaş cəmiyyətinin, azad KİV-in, müstəqil hüquq-müdafiə institutlarının, bütövlükdə siyasi sistemin  inkişafına maraq göstərməyib.

Heç bir hüquqla məhdudlaşmayan möhkəmlənmiş avtoritarizm dövlət və cəmiyyət həyatının təməllərinə nüfuz edib. Parlamentin, məhkəmələrin üzərində ali icra hakimiyyətinin təsiri artıb:

İşgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar halları çoxalıb. Siyasi məhbusların sayı 200-ü ötüb. Şəxsi həyata zorakı müdaxilə, ifadə, mətbuat azadlığının məhdudlaşdırılması, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin, ictimai aktivistlərin, hüquq müdafiəçilərinin, siyasi xadimlərin, müxalif yönlü partiya rəhbərlərinin, iqtisadçıların, mühacir fəalların həbsi adiləşib”.

Ə.Salayev işgəncəyə məruz qaldığı zaman
Foto: Meydan TV

“Müdafiə Xətti” qeyd edir ki, Azərbaycanda dövlət aparatında korrupsiya sistemli hal alıb, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı formal-deklarativ xarakter daşıyıb.

2005-ci il yanvarın 1-dən qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna, eləcə də “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na riayət edilməyib, həmin Qaydaların 3.1-ci bəndində göstərilən vəzifəli şəxslərin və ailə üzvlərinin əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar-bəyannamələr açıq mənbələrdə yerləşdirilməyib.

Bunun nəticəsidir ki, “Transparency International” – Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb:

Korrupsiya, Atstock Productions/shutterstock

“Dindarlara, xüsusilə, Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı sərt repressiv tədbirlər tətbiq edilib. Həbs edilən dindarlar bir qayda olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilsələr də, hökumətin nəzarətində olan yazılı və elektron mediada “casuslar”, “dövlətə xəyanət edənlər” qismində göstəriliblər. İbtidai və məhkəmə istintaqında  sübut növü kimi əməlliyyat müvəkkilərinin, polis idarə, şöbə və bölmələrində ştatdankənar “xidmət edən” şəxslərin “şahid” ifadələri diqqət çəkib. Azərbaycan və İran arasında siyasi, diplomatik münasibətlər sistemi gərgin fazaya qədəm qoyub, paralel olaraq  şiə məzhəbinə etiqad edən, hakim siyasətlə razılaşmayan dindarlar qurama ittihamlar əsasında cəmiyyətdən təcrid ediliblər, saxlanılarkən psixi və fiziki zorakılıqlara məruz qalıblar. Bəzi hallarda saxlanılan dindarlar zorlanacaqları ilə hədələniblər”.

15 dekabr aksiyası, Foto: Meydan TV

Qurum bildirir ki, Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tənqid etdiyi  “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməklə cərimələr müəyyənləşdirilib.

Bundan sonra siyasi partiyanın səlahiyyət müddəti bitib orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyətilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək:

Bu və buna bənzər mürtəce xarakterli qanuni normaların qüvvəyə minməsi siyasətin icazəli xarakter almasından, sanksiyalaşdırılmasından xəbər verib, demokratik cəmiyyətin fəaliyyəti üçün əsas olan assosiasiyalar azadlığı hüququnun, birləşmə azadlığının, söz azadlığının  həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurub”.

Hesabatın sonunda “Müdafiə Xətti”  Azərbaycan hökumətinə  müraciət də edib.

Bildirib ki, demokratik quruluşa təminat verilsin, icra, qanunverici və məhkəmə hakimiyyəti arasında balans yaradılsın.

Eyni zamanda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunsun:

“Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət qurulsun. Hamının qanun və məhkəmə qarşısında bərabərliyi real olaraq təmin edilsin, ədalətli mühakimə realizə edilsin. Həmçinin sərbəst toplaşmaq, vicdan, söz və fikir, mətbuat və məlumat azadlıqlarına hökumət orqanlarının subyektiv əngəl və müdaxilələri aradan qaldırılsın və qanunsuz cəzalandırmalar durudurulsun”.

Azərbaycan rəsmilərinin və hökumətin bu cür bəyanatlara adətən bir cavabı var.

Ölkədə demokratik mühit qurulub, atılan addımlar insanların rifahını yaxşılaşdırmaq, sabitlik üçündür.

Hökumət ölkədə insan haqlarının azad olduğunu qeyd edir.

Ana səhifəSiyasət“Müdafiə Xətti” hesabat yayıb: “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşib”