close

Arayik Arutyunyanın Ukraynada axtarışa verildiyi bildirilir

Foto: “armenpress”

“O, Putinin xarici siyasətindəki işğalçılıq və aqressiv siyasətini açıq şəkildə dəstəkləyib”

Separatçı “Dağlıq Qarabağ Respublikası”nın (DQR) sabiq “prezident”i Arayik Arutyunyanın Ukraynada axtarışa verildiyi bildirilir.

Arayik Arutyunyan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddə ittiham olunur.

Bu barədə Ukraynanın  “Mirotvorets” (Sülhməramlı) Mərkəzinin  məlumat bazasında elan yerləşdirilib.

“Mirotvorets” Mərkəzi hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirilib ki,  Arayik Arutyunyan Rusiyanın faşist-işğalçı qüvvələri ilə ortaq olub:

Həmçinin, Rusiya hakimiyyəti ilə Ukraynaya və onun vətəndaşlarına qarşı cinayətlərdə iştirak edib. O, Putinin xarici siyasətindəki işğalçılıq və aqressiv kursu açıq şəkildə dəstəkləyib. 2023-cü ildə Arutyunyan Kremlin göstərişi ilə öz yerinə marionetka Samvel Şahramanyanı gətirib”.

Arayik Arutyunyanın məsələyə münasibəti bəlli deyil.

Arayik Arutyunyan sentyabrın 1-də istefa verib.

Arayik Arutyunyan 2020-ci il may ayının 21-dən “DQR”-ə rəhbərlik edirdi.

2020-ci ilin oktyabrında Arayik Arutyunyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb.

Ana səhifəSiyasətArayik Arutyunyanın Ukraynada axtarışa verildiyi bildirilir