close

Rusiya-Ermənistan qarşıdurmasına Azərbaycandan baxış

Ermənistan, Rusiya və Azərbaycan. Foto: Borka Kiss/shutterstock

Emil Məmmədli

“Rusiya Nikol Paşinyanın devrilməsinin “düyməsi”ni basıb”

Hazırda Rusiya ilə Ermənistan arasında müşahidə olunan diplomatik qarşıdurma Azərbaycanda birmənalı qarşılanmayıb.

İki müttəfiq arasında münasibətlərin korlanmasından istifadə etməyin zamanı gəldiyini düşünənlər az deyil. Amma bununla belə bir sıra siyasi şərhçilər Moskva ilə Yerevan arasında qarşıdurmanın süni olduğunu, əvvəlcədən hazırlanmış teatr tamaşasına bənzədiyini deyirlər. Onların fikrincə bu, Ermənistanın Qərb qarşısında imicinin formalaşması və Rusiyaya sanksiya olunan malların eksport edilməsindən ötrü Ermənistanın sanksiya altına düşməməsi üçün edilir.

Bu fikrin tərəfdarları iki ölkə arasında olan iqtisadi münasibətlərə diqqət ayırmağı məsləhət görüb, qarşılıqlı ticarət dövriyyəsinin son zamanlar kəskin artdığını qeyd edirlər.

“Ermənistanın XIX-XX əsrlərdə oynadığı rol Rusiyaya lazım deyil”

Məsələni Meydan TV üçün şərh edən keçmiş xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov hesab edir ki, Rusiya ilə Ermənistan arasında uzaqlaşma var və bu, çoxdan başlayıb.

Sonuncu hadisələr onu deməyə əsas verir ki, hər iki tərəf real səbəblər göstərmədən hansısa təbliğat elementlərindən istifadə edirlər”, – o deyib. 

Qarşıdurma nəticəsində Ermənistanda Rusiya əleyhinə meyllərin daha da artmasının elə Rusiyanın özünə təhlükə olub-olmaması barədə sualı cavablandıran keçmiş nazir bildirib ki, indiki tarixi mərhələdə Ermənistanın XIX-XX əsrlərdə oynadığı rol Rusiyaya lazım deyil.

“Həmin dövrlərdə Rusiya imperiyası genişlənirdi, indi isə onun Ermənistana ehtiyacı yoxdur. Çünki təhlükəsizlik baxımından Rusiyanın Türkiyə və bəlkə də İranla münasibətləri daha vacibdir, nəinki Ermənistanın forpost şəklində istifadəsi. Mən iddia etmirəm ki, Ermənistan Qərbə gedir, daha düzgün ifadə ondan ibarətdir ki, Rusiya Ermənistandan çıxıb gedəcək”, – Tofiq Zülfüqarov bildirib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

ABŞ-ın Ermənistanda hərbi təlimlər keçməsinin yuxarıda deyilən tamaşa ssenarisi ilə necə uzlaşdığı barədə fikrini bölüşən siyasi icmalçı vurğulayıb ki, bu cür tədbirlər Ermənistanda birinci dəfə deyil ki keçirilir.

2010-cu ildən başlayaraq buna bənzər təlimlər keçirilib. Ermənistan hərbçiləri müxtəlif sülhməramlı missiyalarda iştirak ediblər. Ona görə elə bir təqdimat görüntü yaratmaq məqsədi daşıyır”, – keçmiş nazir hesab edir.

Rusiya ilə Ermənistan arasında qarşıdurmanın tamaşa olması tezisi Azərbaycan hakimiyyətindən gəlib”

Politoloq Azər Qasımlı isə hesab edir ki, Rusiya ilə Ermənistan arasında qarşıdurmanın tamaşa olması tezisi Azərbaycan hakimiyyətindən gəlib və əsas məqsəd Azərbaycanın yox, Ermənistanın Rusiyanın yanında olması fikrinin aşılanmasıdır.

Onun fikrincə, iki ölkə arasında qarşıdurma realdır və artıq Rusiya Nikol Paşinyanın devrilməsinin “düyməsi”ni basıb.

İddia etmirəm ki, bu, bir aya, yaxud 5 aya olacaq. Yaxın bir ildə buna cəhd olacaq. Qarşıda Yerevanda mer və meriya seçkiləri keçiriləcək. Ermənistan mediasını izlədikcə, bunun birinci mərhələsini görmək mümkündür. Bəli, indiki mərhələdə Nikol Paşinyanın devrilməsi inandırıcı gəlmir. Amma məsələ aktualdır və yaxın perspektivdə Rusiyanın bununla bağlı addımları görünəcək”, – Azər Qasımlı deyib.

Politoloq düşünür ki, əgər Paşinyanı Ermənistan hakimiyyətində Rusiyaya meylli adam əvəz edəcəksə, Vaşinqton və Brüssel formatındakı danışıqları unutmaq lazımdır.

“Deməli, Rusiyanın moderatorluğu ilə danışıqlar olacaq. Nəticədə 2020-ci ilin bəyanatındakı tezislərin həyata keçirilməsini görəcəyik”, – o deyib.

Azər Qasımlı deyib ki, belə olan halda Rusiya Azərbaycandan Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsini yığışdırılmasını və ya onların nəzarətinə verilməsini istəyəcək, amma Azərbaycan hərbçilərinin olması şərtilə.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Çünki onlar da başa düşürlər ki, İlham Əliyev daxili auditoriyaya bunu çatdıra bilməyəcək. Bundan başqa, Qarabağdakı silahlı dəstələrin tərki-silah edilməsini görəcəyik. Azərbaycan iqtidarı da bunu daxili auditoriyada təbliğat vasitəsinə çevirəcək”, – politoloq bildirib.

Azər Qasımlı güman edir ki, Azərbaycan bayrağının da Xankəndidə formal olaraq asılması mümkündür.

Amma Moskvanın bunun müqabilində Bakıdan istəkləri olacaq. O da sülhməramlı kontingentin 2025-ci ildən sonra da qalması olacaq. Ardınca da hərbi baza statusu alması mümkündür”, – o deyib.

 Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə isə, politoloqun fikrincə, Moskva mövcud siyasətini davam etdirəcək, Ermənistana dəstəyi yenə olmayacaq, ancaq Azərbaycanın da Qarabağı tam nəzarətə götürməsinə imkan verməyəcək.

Azərbaycan hakimiyyəti də indiki vəziyyətdən mümkün dividentlər götürməyə çalışır. Bu taktiki dividentlər yalnız daxili auditoriyaya sırımaq üçündür. Bunların milli-strateji maraqlarla əlaqəsi yoxdur. Strateji maraq o olardı ki, Rusiya bölgəni tərk etsin. Hökumət buna çalışırmı, iş aparırmı? Xeyr! Özləri də bilir ki, Rusiya Ukrayna savaşında məğlub olmasa, onların regiondan getməsi çətin olacaq”, – Azər Qasımlı bildirib.

Ana səhifəSiyasətRusiya-Ermənistan qarşıdurmasına Azərbaycandan baxış