close

ATƏT-in müşahidə missiyası Azərbaycandakı parlament seçkilərində aralıq hesabat yaymayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati. Foto: Meydan TV

Buşati AŞPA-nın dəvət edilməməsi ilə bağlı suala cavab verməkdən yayınıb

Avqustun 1-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati Bakıda mətbuat konfransı keçirib.

O, müşahidə missiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindəki vəzifələrindən danışıb.

Buşati konfransda deyib ki, missiyanın Bakıda 11 ekspertdən ibarət əsas heyəti var:

“Onlar əsas komanda kimi Bakıda fəaliyyət göstərəcəklər, amma digər rayonlara da səfərlər edəcəklər“.

Missiya rəhbərinin sözlərinə görə, avqustun 8-dən Azərbaycan üzrə 28 uzunmüddətli müşahidəçi təhkim ediləcək:

Onlar daha regional səviyyədə seçki prosesini müşahidə edəcəklər. Həmçinin seçki gününə bir neçə gün qalmış 280 qısamüddətli müşahidəçinin gəlməsi nəzərdə tutulur. Sonuncular seçki günündə məntəqələrin açılması, səslərin sayılması, seçki prosesi bitənə qədər gedişatı müşahidə edəcəklər“.

“Missiya seçkinin keçirilməsinin ATƏT-nin müvafiq öhdəlikləri, demokratik seçkilərlə bağlı digər beynəlxalq öhdəlik və standartlar, eləcə də milli qanunvericiliklə uyğunluğu qiymətləndirəcək“, – deyə Ditmir Buşati əlavə edib.

O, müşahidəçilərin seçki kampaniyasının bütün əsas aspektlərini yaxından izləyəcəklərini deyib:

Buraya kampaniyanın aparılması, o cümlədən, sosial şəbəkələrdə, bütün səviyyələrdə seçki administrasiyasının işi, seçki ilə bağlı qanunvericlik və onun icrası, fundamental azadlıqlara hörmət, seçkinin mediada işıqlandırılması və seçki mübahisələrinin həlli daxildir. Müşahidəçilər DTİHB-nin seçkilərlə bağlı əvvəlki tövsiyyələrinin icra vəziyyətini də qiymətləndirəcəklər“.

Missiyanın rəhbəri bildirib ki, seçkidən bir gün sonra, sentyabrın 2-də mətbuat konfransında ilkin nəticələri əks etdirən bəyanat yayacaqlar:

Bütün seçki prosesinin qiymətləndirilməsini əks etdirən və tövsiyyələrin də yer aldığı yekun hesabat seçkidən bir neçə ay sonra dərc olunacaq“.

Buşatinin sözlərinə görə, son 30 ildə 57 üzv dövlətdə keçirilən 400-ə yaxın seçki prosesi boyunca demokratik prinsiplərdə vaxtaşırı düzəlişlər edilib:

“Fəaliyyətimiz seçkidən əvvəl, seçki zamanı və sonrakı vəziyyəti özündə ehtiva edir. Missiyamıza media monitorinqi komponenti də daxildir. Bu isə medianın seçkilərlə bağlı istər kəmiyyət, istərsə də keyfiyyət qiymətləndirmə elementlərini özündə cəmləşdirir. Eləcə də sosial şəbəkələrdə seçki kampaniyasının keçirilməsi ilə bağlı keyfiyyət qiymətləndirilməsi aparacağıq. Yəni bizi seçkinin nəticələri deyil, prosesin özü daha çox maraqlandırır. Bu, o deməkdir ki, nəzarət etmək, müdaxilə və dəstək göstərmək missiyamıza daxil deyil. Əsas rolumuz müşahidə edib qiymətləndirməkdir və bunun nəticəsində hesabat yayırıq. Biz sentyabrın 2-də seçki haqda ilkin qənaətlərimizi açıqlayacağıq. Sənəddə yalnız seçki günü deyil, ona qədər müşahidə etdiklərimiz əks olunacaq”.

Qeyd edilir ki, əvvəlki seçki kampaniyalarından fərqli olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu dəfə aralıq hesabatı açıqlamağı planlaşdırmır.

Bununla bağlı suala Buşati ətraflı cavab verməyib, məsələyə aydınlıq gətirməyib.

Meydan TV-nin “10 illərdir ki, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müşahidə Missiyası Azərbaycanda seçkiləri müşahidə edir və qiymətləndirmə mənfi olur, demokratik standartlara uyğun olmadığı qeyd edilir. Eyni zamanda, hər seçkidən sonra hökumətə xeyli tövsiyələrinizi verirsiniz, amma hökumət bunları nəinki nəzərə alır, heç müzakirəyə də çıxartmır. Belə olan halda, Azərbaycanda seçkilərin müşahidə edilməsinin nə əhəmiyyəti var?” sualına Buşati belə cavab verib:

Biz Azərbaycanın müvafiq qurumlarının xahişi ilə bura gəlmişik. Azərbaycan da ATƏT-in 57 üzvündən biridir. Yəni Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəlik çərçivəsində bizə dəvət göndərilib. Bizim seçki ilə bağlı prinsiplərimiz var ki, onlar yalnız aidiyyatı qurumlara deyil, ictimaiyyətə də açıqlanmalıdır. Müşahidə missiyasının seçkiyə hər hansı bir dəstək və ya müdaxilə etmək kimi niyyəti yoxdur. Yenə də müşahidə etməyə gəlimişik, seçkilərin beynəlxalq standartlara uyğunluğu baxımından necə keçirilməsini qiymətləndiririk. Fəaliyyətimiz bunlarla məhdudlaşır”.

O, “Turan”ın “Azərbaycan hökumətinin ikinci seçkidir ki, Avropa Şurası Parlament Assambleyasını dəvət etməməsi seçkilərin şəffaflığına necə təsir edə bilər?” sualına da konkret cavab verməyib:

“Biz hələ ilk həftədir burada olduğumuzdan suala şərh verə bilməyəcəyəm. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu digər müşahidəçilərlə mümkün qədər çox əməkdaşlığa hazırdır, lakin seçkiləri öz prinsipləri, standartları və meyarları əsasında qiymətləndirəcək. Bütün təşkilatlarla əməkdaşlığımız həmişə açıq olub, amma biz işimizi qərəzsiz və vicdanla yerinə yetirmək öhdəliyi götürmüşük. Bu isə DTİHB-nin təsbit etdiyi metodologiya prinsipləri əsasında işimizi icra etmək deməkdir”.

Haşiyə: Ditmir Buşati Albaniyanın sabiq xarici işləri, parlament üzvü olub və ATƏT-in Albaniya missiyasının rəhbəri vəzifəsində çalışıb.

O, 2020-ci ildə ATƏT-in Cənubi Qafqazda nümayəndəsi olub.

2019-cu ildə Belarusdakı parlament, 2021-ci ildə Moldovadakı prezident seçkilərində, həmçinin 2022-ci ildə Latviyadakı seçkilərdə ATƏT-i təmsil edib.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

İyulun 31-də MSK sədri Məzahir Pənahov bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb: “İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır”.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar. Həmçinin, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə və AMİP lideri Etibar Məmmədov seçkidə iştirak etməyəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətATƏT-in müşahidə missiyası Azərbaycandakı parlament seçkilərində aralıq hesabat yaymayacaq