close

Əliyev kino xadimlərini təltif edib

Azərbaycan kinosu. Foto: natatravel/shutterstock

İki incəsənət xadiminə Prezident təqaüdü verilib

Prezident İlham Əliyev avqustun 2-si Azərbaycan Kinosu Günü ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Rəmziyə Cilqamlı Əkrəmovna, Gülşən Quliyeva Rövşən qızı, Rövşən Məmmədov İsax oğlu, Bayram Nəcəfov  Hidayət oğlu və Ədalət Yunusov Məmməd oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Əməkdar incəsənət xadimi, kino rəssamı, animasiya rejissoru Firəngiz Qurbanova ilə Əməkdar mədəniyyət işçisi, rejissor, ssenarist Akif Rüstəmova isə kinematoqrafiyanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Prezidentin fərdi təqaüdü təyin edilib.

Firəngiz Qurbanova Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri Ağadadaş Qurbanovun qızı, Xalq artisti, aktrisa Gülşən Qurbanova və Əməkdar artist, aktyor Hamlet Qurbanovun bacısıdır.

1898-ci il avqustun 2-də ukraynalı fotoqraf və rejissor, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı Aleksandr Mişon özünün çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” silsilə sənədli və “İlişdin” adlı bədii filmlərinin müstəqil nümayişini təşkil edib.

Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.

2000-ci il dekabrın 18-də keçmiş Prezidenti Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd edilir.

Ana səhifəMədəniyyətƏliyev kino xadimlərini təltif edib