Proses Zvartnotsda Rusiya Federal Təhlükəsizlik Xidmətinin onlarla zabiti üçün keçirilən vida mərasimi ilə başa çatıb
Rusiya iyulun 31-də Yerevanın Zvartnots beynəlxalq hava limanından öz sərhədçilərini tamamilə geri çəkib.
Rusiya sərhədçiləri onilliklər ərzində iki ölkə arasında sıx hərbi əlaqələrin nümayişi üçün Zvartnotsda, eləcə də Ermənistanın Türkiyə və İranla sərhədlərində yerləşdirilmişdi.
Ermənistanın Baş naziri Nikol Paşinyan martda bəyan etmişdi ki, hökuməti Moskvaya hərbçilərini hava limanından çıxarmaq üçün avqustun 1-dək vaxt verib. Baş nazir əlavə etmişdi ki, Ermənistan həmin ərazilərdə Rusiyanın köməyi olmadan nəzarət həyata keçirməyə qadirdir.
Rusiya Xarici İşlər Nazirliyi bu addımı tənqid edərək bildirib ki, Yerevan Rusiya-Ermənistan münasibətlərinə “düzəldilməz zərər” vurmaq və Ermənistanın təhlükəsizliyini və iqtisadi inkişafını təhlükə altına almaq riski yaradır.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan mayda Moskvada görüşüb. Bu zaman həmin geri çəkilmə barədə razılığa gəliblər.
Proses Zvartnotsda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) onlarla zabiti üçün keçirilən vida mərasimi ilə başa çatıb. Ermənistan Sərhəd Qoşunlarının yeni təyin olunmuş komandanı Edqar Hunanyan mərasimdəki çıxışında onlara xidmətlərinə görə təşəkkür edib. Onun sözlərinə görə, erməni tərəfi “Rusiya sərhədçilərinin 32 ildən artıq birgə xidmət zamanı əldə etdiyi təcrübə və bacarıqlardan” istifadə edəcək.
Rusiyanın Yerevandakı müvəqqəti işlər vəkili Maksim Seleznyov çıxışı zamanı bildirib:
“Sizin həmişə nəzərə çarpmayan, lakin çox zəruri işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinə mühüm töhfə verib”.
Mayda Paşinyanla görüşündə Putin Rusiya qoşunlarını və sərhədçilərini Ermənistanın Azərbaycanla sərhədindən geri çəkməyə də razılaşıb. Onlar 2020-ci ildə Dağlıq Qarabağda müharibə zamanı və ondan sonra Yerevanın xahişi ilə oraya yerləşdiriliblər. Sərhədçilər Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qorumağa davam edəcək.
Rusiyanın Cənubi Qafqaz ölkəsində də hərbi bazası var.
Paşinyan indiyədək belə planlarının olmadığını bildirsə də, o, ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurub və Avropa Birliyinə üzv olmaq istəyini istisna etməyib.