close

Avropa İttifaqı Əliyevi Ermənistana ərazi iddialarında ittiham edir

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Rəsmi Bakı Cozef Borelin fikirlərini əsassız sayır

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel (Jozep Borrel) Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistana ərazi iddialarında ittiham edib və bundan narahatlığını ifadə edib.

Bu barədə yanvarın 22-də Cozef Borel Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Prezident Əliyevin son ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, – Cozef Borel belə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı üzvü olan ölkələr hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara və münasibətlərin normallaşmasına qayıtmalıdır.

Josep Borrel. Foto: “European Parliament”

Diplomat həmçinin Aİ ölkələrinin Azərbaycandan “persona non-qrata” (arzuolunmaz şəxs) elan olunmuş Fransa səfirliyinin nümayəndləri ilə həmrəylik ifadə etdirdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Cozef Borelin söylədiklərini əsassız adlandırıb və rədd edib.

Bu barədə nazirlik yanvarın 23-də yaydığı açıqlamada bildirib.

XİN Aİ-nin ali nümayəndəsini təhrif etdiyini və Azərbaycanın legitim maraqlarına etinasızlıqda suçlayıb:

Bu cür hədələyici ritorika Azərbaycan-Avropa İttifaqı münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir”.

Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır”, – deyə nazirlik əlavə edib.

XİN hesab edir ki, Cozef Borelin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilədir və fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir:

XİN. Foto: Wikipedia

Belə qərəzli bəyanat, Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir”.

Nazirlik sonda qeyd edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaqdır.

Yanvarın 10-da Azərbaycanın dövlət başçısı İlham Əliyev yerli televiziyalara müsahibəsində bu ittihamları cəfəng adlandırmışdı:

“Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var”.

Ana səhifəXəbərlərAvropa İttifaqı Əliyevi Ermənistana ərazi iddialarında ittiham edir