close

Vergi Xidməti vergilərin 20 faizə qaldırılmasına haqq qazandırıb

Foto: Meydan TV

İqtisadçılar isə hesab edir ki, hazırki dəyişikliklə sahibkara çətinlik yaradırlar

Dövlət Vergi Xidməti (DVX) Vergi Məcəlləsində mikrosahibkarlığa güzəştlərlə bağlı dəyişikliklər barədə açıqlama yayıb.

Açıqlamada DVX mikrosahibkarların ödədiyi 5 faizlik verginin 20 faizə qaldırılmasına haqq qazandırıb. Bildirib ki, vergi sistemində həyata keçirilmiş islahatlar biznesdə şəffaflığın təmin edilməsi, dövlət-biznes münasibətlərinin qurulmasına hədəflənib. Dəyişikliklər “kölgə
iqtisadiyyatı” ilə mübarizə aparıb, vergi nəzarətini təkmilləşdirib.

“Vergi Məcəlləsinə daxil edilən müddəalar mikrosahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştlərinə hədəfli yanaşmadır”, – deyə məlumatda bildirilir.

Daha sonra dəyişikliyin edilməsinə səbəb olan hallar sadalanıb. DVX iddia edib ki, monitorinqlər, habelə risk yaradan proseslərin analizi mikrosahibkarlıq subyektlərinin fəaliyyətində risklərin olduğunu müəyyən edib.

Monitorinqlər zamanı məlum olub ki, belə subyektlərdə vergi güzəştlərindən sui-istifadə edilib. Əməliyyatların əhəmiyyətli hissəsi xərclərin ötürülməsi məqsədilə həyata keçirilib. Beləliklə, dövlət büdcəsinə ödənilməli olan vergilər azaldılıb”.

Vergilər Nazirliyi
Foto: arxiv

Sonda DVX bildirir ki, araşdıranda güzəştdən müxtəlif formalarda sxemlər yaratmaqla vergidən yayınmağa çalışılma olduğunu üzə çıxarıblar.

“Bu, vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir. Vergi Məcəlləsinə dəyişiklik rəsmiləşdirilməyən faktiki işçilərin rəsmiləşməsini təşviq edəcək. Həmçinin pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikrosahibkarlar” destimullaşdırılır”.

İqtisadçı Natiq Cəfərli deyir ki, DVX mikrosahibkarların vergisinin birdən-birə 5 faizdən 20 faizə qaldırılmasına öz aləmində cavab verib.

Atılan addımı bir neçə arqumentlə əsaslandırıblar. Guya rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir. Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikrosahibkarlar” destimullaşdırılır. Mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin “süni şəkildə” bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) aid edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin
adına dəyişməsinin və real olmayan “yeni sahibkarların” yaradılmasının qarşısı
alınır”.

İqtisadçı bildirir ki, bu dəyişikliyin səbəblərindən biri kağız üzərində “yeni iş yerləri”, yaratmaqdır.

Natiq Cəfərli
Foto: Meydan.TV

“DVX-i faktiki olaraq bunu etiraf edib. Deyir ki, əgər yenə 5 faiz vergi vermək istəyirsinizsə, gedin 3 nəfər dost-tanışı işçi kimi rəsmiləşdirin, biz də İqtisadiyyat Nazirliyi olaraq çıxıb deyək ki, gördünüzmü ölkədə nə qədər yeni iş yerləri yaratdıq. Bu qərar, guya nağdlaşdırma ilə məşğul olan və süni xərc, gəlir ötürən sahibkarlarla mücadilə üçündür”.

Natiq Cəfərli bildirir ki, nağdlaşma qeyri-qanunidirsə, ölkədə bununla mübarizə üçün bir dəstə orqan, bir yığın da qanun var:

Mücadilə edin, vergiləri niyə qaldırırsınız ki? Süni xərc, gəlir ötürən, real olmayan “yeni sahibkar” niyə yaranır? Hörmətli, İqtisadiyyat Nazirliyi, 2015-ci ildə ölkədə 3 pilləli devalvasiya oldu, amma o günə qədər dövriyyəsi 200 min manat olan necə mikrosahibkar sayılırdısa, o gündən sonra da 200 min manat dövriyyə yerindəcə qaldı. 2015-ci ilə qədər 200 min manat 256 min 400 dollar edirdi, bu gün həmin məbləğ cəmi 117647 dollar edir, yəni, dövriyyəni artırmadız, yuxarı çəkmədiz. Halbuki, bu məbləğ də dolların məzənnəsinə uyğun
olaraq indeksləşdirilməli, ən azı 430 min manat olmalı idi – etmədiz, əliniz gəlmədi,
sahibkara “yolunmalı qaz” kimi baxmağa davam etdiniz. Sahibkar da görəndə ki,
dövriyyəsi 200 min manatı keçir, buna 18 faiz ƏDV təhlükəsi yaranır, gedib
başqa ada VÖEN açır, dövriyyəni bölür ki, qazandığının hamısını ƏDV adı ilə
ondan almayasız”.

İqtisadçı deyir ki, hazırki qanunlarla, dəyişikliklə sahibkara yardım etməkdənsə, onlara çətinlik yaradırlar. Nəticədə sahibkar sistemi öz bildiyi kimi aldatmağa məcbur qalır:

Gedib paralel VÖEN-lər açır, sonra da siz çıxıb bunun adına, “xərc, gəlir ötürən, real olmayan sahibkar”, deyib, onunla vergiləri artıraraq mübarizə aparmaq istəyirsiz? Belə yanaşma heç feodalizmdə də olmayıb, çözüm istəyirsinizsə, dövriyyəni 20 mindən 430 minə qaldırın, bu zaman heç kim də başqa yola əl atmağa səbəb görməsin, başqa adla VÖEN açmağa məcbur qalmasın – bu işin fəlsəfəsi stimullaşdırmadır, cəza deyil”.

İqtisadçı deyir ki, atılan addımlardan görünən budur: Hökumətin gənc kadrları belə düşüncə olaraq “sovetdən” qalıblar. Çünki sovetlər daim insanın maraqlarını deyil də, insanın özünü idarə etməyə çalışıblar:

 “Nəticəsi də göz önündədir. Sistem yaşaya bilmədi. Ona görə insanı deyil də, maraqlarını idarə edən sistem qurmalıyıq”.

Başqa bir iqtisadçı Toğrul Maşallı deyir ki, DVX yerinə statistikaya baxılsın:

2022-ci ilin nəticələrinə görə, Azərbaycanda orta mikrosahibkar illik 30 min manat qazanır. Kiçik sahibkarlığa keçmək üçün onun dövriyyəsi illik olaraq 7 dəfə artmalıdır. Sizcə, 2024-cü ildə ölkədə nə baş verməlidir ki, adi insanın (tərcüməçi, proqramist, kuryer, dizayner, təmir
ustası və s.) gəliri birdən birə 7 dəfə artsın?

Təsəvvür etsək ki, onun gəliri aylıq 10 min manatdır, hətta bu halda onun illik dövriyyəsi 66 faiz artmalıdır. Bəlkə Azərbaycanda bizim müşahidə etmədiyimiz və hətta “Çin möcüzəsi”ni
qabaqlayan iqtisadi bum yaşanır? Əlbəttə ki, yox. DVX da bilir ki, iqtisadi bum yoxdur. Amma qanunu ləğv etmək yerinə, sadəcə “izah” edir”.

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

İqtisadçı deyir ki, Azərbaycanda mikrosahibkarlıq subyektlərin böyük hissəsi ticarət, nəqliyyat, turistlərin yerləşdirilməsi, sənaye və tikintidə məşğuldur. Son üç sahənin payına mikrosahibkarların 15 faizi düşür. Son iki sahədə xüsusən də ayrı-ayrı sahibkarlar kimi fəaliyyət göstərdiyini təxmin etmək çətindir:

Əlbəttə ki, burada müvafiq sahədə çalışan şirkətlər vergi ödəməkdən yox, sadəcə işçilər qarşısında sosial öhdəlikləri yerinə yetirməkdən qaçırlar. Bu halda DVX məntiqlə müvafiq şirkətləri cəzalandırmalıdır, amma DVX isə əksinə, işçiləri cəzalandırır. Burada məqsəd heç bir halda sıravi işçilərin hüquqlarının müdafiəsi deyil. Əksinə, indi onları vəziyyəti daha da çətinləşəcək”.

Ötən ilin sonu Vergi Məcəlləsinə dəyişiklik edilib. Bununla hökumət mikrosahibkarların ödədiyi gəlir vergisini dörd dəfə – 5 faizdən 20 faizə qaldırıb.Hökumət rəsmiləri bildirirlər ki, illərlə mikrosahibkarlara vergidə güzəşt edilib. Qanunvericiliyə uyğun gəlir və xərclərin
uçotunu aparan fərdi sahibkarların gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunub. Əslində ləğv edilən həmin güzəştdir və vəziyyət illər öncəki güzəştsiz hala qayıdıb.

Dövlət Statistika Komitəsinin ən son, 2023-cü il oktyabrın 1-də açıqladığı məlumata görə, ölkədə 162 min 953 nəfər fərdi sahibkar olub. Bu rəqəmin 2020-ci ildə 240 min 108 olduğu
açıqlanmışdı. Bu, üç il ərzində 77 min 155 mikrosahibkarlıq subyektinin fəaliyyətini
dayandırması deməkdir.

Ana səhifəİqtisadiyyatVergi Xidməti vergilərin 20 faizə qaldırılmasına haqq qazandırıb