close

Avropa İttifaqının ali nümayəndəsi Qarabağdakı humanitar vəziyyətdən narahatlığını bildirib

Josep Borrel. Foto: “European Parliament”

Jozep Borrel Laçın dəhlizi ilə bağlı bəyanat yayıb

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Qarabağdakı humanitar vəziyyətdən narahatlığını bildirib.

“Turan”ın məlumatına görə, iyulun 27-də Jozep Borrelin bu barədə yaydığı bəyanatda deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına baxmayaraq, Laçın dəhlizi yeddi aydan çoxdur bağlanıb.

Borrel bölgədə tibbi və digər vacib malların çatışmadığını, artıq tükəndiyini qeyd edərək bildirir ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə hərəkətin təhlükəsizliyi və azadlığını təmin etməli, böhranın daha da ağırlaşmasıına imkan verməməlidir.

Aİ rəsmisi Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə aldıqlarını deyir.

“Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır”.

O, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regionda fəaliyyətini, həmçinin, tibbi təxliyələri və humanitar təchizatı tam bərpa etməyə çağırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin bölgədə vəziyyət barədə bəyanatını şərh edib.

Ayxan Hacızadə Azərbaycanın Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyib.

Ancaq o, Borellin yanaşmasından təəssüflənib və xatırladıb ki, 44 günlük müharibədən sonra erməni silahlı qüvvələri ərazilərdən tam çıxarılmayıb:

Laçın yolundan istifadə etməklə Ermənistanın qeyri-qanuni fəaliyyətlər aparmasına, Azərbaycan ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılmasına, Azərbaycan tərəfinin etirazlarına heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır”.

XİN rəsmisi bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır:

Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərar bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir”.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə bağlı A.Hacızadə qeyd edib ki, iyulun 26-da  “humanitar yük” adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirib:

Ayxan Hacızadə. Foto: “azertag.az”

Bununla da erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb”.

“Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir”.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətAvropa İttifaqının ali nümayəndəsi Qarabağdakı humanitar vəziyyətdən narahatlığını bildirib