close

Qubad İbadoğlunun azadlığı üçün imza kampaniyası aparılır

Source: Google

İmzalayanlar içində onun xarici ölkələrdə dərs dediyi tələbələr, həmkarları da var

İqtisadçı Qubad İbadoğlunun azadlığa buraxılması üçün imza kampaniyasına başlanılıb.

İmzalayanlar içində onun xarici ölkələrdə dərs dediyi tələbələr, həmkarları da var.

İmza kampaniyasını başladanlar bildirirlər ki, 23 iyulda həbs edilən alim Qubad İbadoğlu Yeni Universitet Konsorsiumunun professorudur. O, Azərbaycana qayıtdıqdan sonra həbs edilib.

Azərbaycan hakimiyyətinin bu hərəkəti şiddətlə pislənir.

Azərbaycan polisi Qubad İbadoğlunun 10 il əvvəl İqtisadi Araşdırmalar Mərkəzi kimi istifadə etdiyi ofisdə saxta valyutalar tapdığını iddia edib. Vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, ona qarşı ilkin olaraq 3 ay 26 gün müddətində həbs qətimkan tədbiri seçilib. Azərbaycan Demokratiya və Rifah Partiyasının başqanı Qubad İbadoğlu ittihamı açıq-aşkar yalan hesab edir. Qızının dediyinə görə, atasının ağır şəraitdə saxlandığı Bakı 1 saylı İstintaq Təcridxanasından onun şəkərli diabet və digər ağır xəstəliklərinin müalicəsi üçün çox ehtiyac duyduğu dərmanları və paltarlarını qəbul etməkdən imtina ediblər”.

İmza edənlər Qubad İbadoğlunun beynəlxalq miqyasda hörməti olan iqtisadçı olduğunu bildirirlər. Qeyd edirlər ki, o, ən son 2021-ci ilin sentyabrından 2023-cü ilin avqustunadək London İqtisadiyyat Məktəbində çalışıb. Qabaqcıl Tədqiqatlar İnstitutunda tədqiqatçı və Demokratiya üçün Milli Fondun əməkdaşı olub. O, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri üzrə Beynəlxalq Şuranın (MSŞT) üzvüdür, Azərbaycan Beyin Mərkəzləri Alyansının (ATTA) İdarə Heyətinin sədridir, CAREC Beyin Mərkəzləri Şəbəkəsinin (CTTN) Strategiya Məsləhət Şurasının, UNCAC Koalisiyasının “Böyük Korrupsiya və Dövlətin Tutulması” və “Oğurlanmış Aktivlərin Bərpası” üzrə İşçi Qruplarının üzvü, BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının Tətbiqi Assosiasiyası və İƏİT-in Korrupsiyaya Qarşı Mübarizə üzrə İstanbul Fəaliyyət Planının (IAP) 5-ci Raundu Monitorinqinin Qiymətləndirilməsi Çərçivəsinin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi üzrə ekspertdir.

Biz ədalət naminə doktor İbadoğlunun dərhal azadlığa buraxılmasını və ona qarşı irəli sürülən qondarma ittihamların götürülməsini tələb edirik. Bunun baş verməsi üçün avtoritar lider İlham Əliyevin başçılıq etdiyi Azərbaycan hakimiyyətinə mümkün olan bütün beynəlxalq təzyiqləri göstərəcəyik”.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.

Ana səhifəSiyasətQubad İbadoğlunun azadlığı üçün imza kampaniyası aparılır