close

Ədalət Naminə Həmrəylik Komitəsi həbslərlə bağlı Prezident İlham Əliyevə müraciət edib

Ədalət Naminə Həmrəylik Komitəsi. Foto: arxiv

Müraciətdə Əvəz Zeynallının, Elnur Şükürovun və Qubad İbadoğlunun adları çəkilir, həbslərin beynəlxalq imicə zərbə vurduğu qeyd olunur

İyulun 27-də bir qrup hüquq müdafiəçisini, jurnalisti və vəkilləri özündə birləşdirən Ədalət Naminə Həmrəylik Komitəsi Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə Qarabağın böyük bir hissəsinin işğalçılardan azad edildikdən sonra aparılan  yenidənqurma işləri yüksək dəyərləndirilərək qeyd olunur ki, son vaxtlar baş verən bir sıra hadisələr ölkənin beynəlxalq imicə mənfi təsir göstərir:

“İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin məsələlərə səthi yanaşması bir çox tanınmış ictimai-siyasi xadimlərin, jurnalistlərin, dindarların kifayət qədər əsassız ittihamlarla həbsinə səbəb olub. Bütün bunlar həm daxildə, həm də xaricdə xoşagəlməz reaksiyaların yaranmasına, düşmən qüvvələrin bədxah niyyətlərinə çatmasına rəvac verir”.

Komitə bildirir ki, 11 ay əvvəl “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və jurnalist Elnur Şükürov heç bir əsaslı dəlil-sübut olmadan həbs edilib:

“Bu günlərdə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi, professor Qubad İbadoğlunun həbsi və bəzi vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırılması məhz bu kimi xoşagəlməz hallardan hesab edilə bilər”.

“Sizdən xahiş edirik ki, bu kimi xoşagəlməz halların, o cümlədən, adları çəkilən və hal-hazırda həbsdə saxlanılan digər ictimai-siyasi xadimlərə qarşı sərt addımların qarşısını almaqda və onların azadlığa buraxılmasında səlahiyyətlərinizdən istifadə edəsiniz”,-deyə komitə əlavə edib.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı,Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva, “Turan”İA-in direktoru Mehman Əliyev və digərləri imzalayıb.

Ana səhifəXəbərlərƏdalət Naminə Həmrəylik Komitəsi həbslərlə bağlı Prezident İlham Əliyevə müraciət edib