close

Avropalı deputatlar Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı çağırış etdi

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Bəyanatda Azərbaycandakı həbs və təzyiqlərdən narahatlıq ifadə olunur

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jeliana Zovko azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsindən və sağlıq durumunun gün keçdikcə  pisləşməsindən narahatdırlar.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də Azərbaycanda saxta pul hazırlamaqda ittiham edilərək həbs edilib.

Ailəsi və vəkilləri bildirirlər ki, ona lazım olan qida və dərmanlar verilmir.

Bəyanatda həmçinin, qeyd edilir ki, Qubad İbadoğlu ləyaqəti alçaldan rəftara məruz qalıb. Ona ailəsi və vəkili ilə məhdud görüş imkanı verilir.

Bu, onun fundamental hüquqlarının pozulması deməkdir. Biz Azərbaycan hakimiyyətini onu təcili olaraq lazımi tibbi yardım və dərmanlarla təmin etməyə və dərhal azad etməyə çağırırıq”.

Bəyanatda o da bildirilir ki, Qubad İbadoğlunun işi Avropa Parlamentinin 15 mart 2023-cü il tarixli qətnaməsində qeyd edildiyi kimi, son zamanlar Azərbaycanın insan hüquq və əsas azadlıqlarının vəziyyətinin pisləşməsinin xəbərçisidir. Təkcə, Qubad İbadoğlu yox, Polad Aslanov və Bəxtiyar Hacıyev kimi müxalif siyasətçilər, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri də şübhəli ittihamlarla həbsdə saxlanılır.

Qubad İbadoğlu. Foto: Meydan TV

Hüquq müdafiəçisi Elçin Sadıqova qarşı davam edən cinayət işindən və onun vəkillik lisenziyasına 6 iyul 2023-cü il tarixindən xitam verilməsindən də təəssüflənirik. Biz bütün siyasi məhbusların dərhal azad edilməsinə və bütün siyasi motivli ittihamların götürülməsinə çağırırıq. Azərbaycan hakimiyyətini fundamental azadlıqları və insan hüquqlarını qorumağa dəvət edirik. Çünki davamlı olaraq bunu etməmək ölkənin beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vurur”, – bəyanatda qeyd edilir.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətAvropalı deputatlar Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı çağırış etdi