Azərbaycanın Baş Prokurorluğu Karen Matevosyanla bağlı açıqlama yayıb
Avqustun 21-də “Telegram” və başqa internet resurslarında yayılan Karen Matevosyanın videomüraciətilə əlaqədar Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Hərbi geyimdə çıxış edən Karen Matevosyan özünü “Artsax Respublikasındakı yerli özünü müdafiə qüvvələrinin komandiri” adlandırıb.
O, videomüraciətdə Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa, xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağırıb.

“Onun hərəkətlərində Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, internet resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib”, – Baş Prokurorluğun məlumatında bildirilir.
Bununla əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanıb. Bu cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.