close

AXCP, Müsavat və PEAL Partiyası dövlət qeydiyyatına alındı

Ədliyyə Nazirliyi. Foto: https://www.justice.gov.az/

Müxalif partiyalar reyestrdən keçdi

Sentyabrın 9-da Ədliyyə Nazirliyi 3 partiyanı (Xalq Cəbhəsi, Müsavat və REAL) təkrar dövlət qeydiyyatına alıb.

AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində paylaşdığı məlumatda “Dostlar, AXCP olaraq növbəti maneəni aşdıq”,-deyə qeyd edib.

Əli Kərimli daha sonra yazıb ki, hakimiyyət qaldıqca, növbəti manələr də olacaq:

“Biz isə bütün maneələri aşaraq günün birində ölkəmizin azadlıq və ədalətə qovuşması üçün həlledici sözümüzü deyəcəyik”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da yenidən qeydə alındıqlarını bildirib.

REAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” səhifəsində yazıb ki, nazirlik üzv reyestrinin yoxlanıldığı və növbəti mərhələdə, yəni qarşıdakı 3 ayda qanuna əsasən qurultay keçirərək sənədlərini yeniləməli olduğunu xatırladan məktub verib.

Beləliklə, Ədliyyə Nazirliyi bugünə qədər Yeni Azərbaycan, Ağ, Vətəndaş Həmrəyliyi, Milli Dirçəliş Hərəkatı, Milli Cəbhə, Ana Vətən, Haqq Ədalət, Milli İstiqlal, Ümid, Böyük Azərbaycan, Demokrat, Xalq, Vəhdət, Azad Vətən, Klassik Xalq Cəbhəsi, Müasir Müsavat partiyalarını təkrat qeydə alıb.

Azərbaycanda siyasi partiyalar bu il yanvarın 11-də qüvvəyə minən yeni “Siyasi partiyalar haqqında” Qanuna uyğun təkrar qeydiyyat üçün üzvlərinin siyahılarını Ədliyyə Nazirliyinə göndəriblər.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoymuşdu.

Yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb.

Dövlət qeydiyyatında olan 60-a yaxın partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib.

Həmin müddət iyulun 10-da bitib.

Hansı partiyalar buraxılıb?

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.
Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Partiyaları kim bağlayır?

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu sədrlərindən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

Məsələn, Liberal və Cümhuriyyət Xalq partiyalarının adlarını xatırlatmaq olar.

İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və Əvəz Temirxan sədr seçilib.
Elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda mediada xəbər yayılıb.
Əvəz Temirxan isə bundan xəbərsiz olduğunu deyib: “Həmçinin qurultay yeni parlament seçkilərinə qədər partiyanın faəliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, “musavat.com” saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı haradan alıblar”.

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev isə açıqlama yayılandan bir gün əvvəl partiyanı buraxmaq barədə düşünmədiyini demişdi. Ancaq səhəri gün partiyasının buraxılması haqda bəyanat hökumətə yaxın saytlarda yayılıb.

Partiya sədrlərindən biri deyib ki, qərar Prezident Administrasiyasında verilir və mediaya ötürülür.

Ana səhifəSiyasətAXCP, Müsavat və PEAL Partiyası dövlət qeydiyyatına alındı