close

Azərbaycan XİN Qarabağdakı separatçı rejimin keçirdiyi seçki ilə bağlı bəyanat verdi

XİN, Foto: Meydan TV

Samvel Sergeyeviç Şahramanyan “prezident” olub

Azərbaycanın Qarabağ bölgəsində özünü “Dağlıq Qarabağ Respublikası” (Artsax) elan etmiş separatçı rejim sentyabrın 9-da özünə yeni “prezident” seçib. Samvel Sergeyeviç Şahramanyan “prezident” olub.  “Artsax Respublikasının Milli Assambleyası”nın növbədənkənar sessiyasında gizli səsvermədə 23 deputat iştirak edib, onlardan 22-si lehinə, biri əleyhinə səs verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, bu hadisə Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir”, – bəyanatda deyilir.

 Nazirlik bildirib ki, Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir: “Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur”.

“Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir.

Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub”, – bəyanatda deyilir.

 XİN “Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir” – deyə vurğulayıb.

“Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır”, – XİN bəyan edib.

Ana səhifəSiyasətAzərbaycan XİN Qarabağdakı separatçı rejimin keçirdiyi seçki ilə bağlı bəyanat verdi