close

Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağa səfərinin təşkilinə hazırdır

A.Blinken və İ.Əliyev

Əliyevlə Blinken yenə Qarabağdakı vəziyyəti müzakirə edib

Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, tərəflər Qarabağdakı hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıb:

“İlham Əliyev 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb”.

Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb. Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub”, – deyə mətbuat xidməti əlavə edib.

Məlumatda deyilir ki, erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıqdan, BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Rəsmi Bakının hazır olduğu diqqətə çatdırılıb.

ABŞ dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller Antoni Blinkenin İlham Əliyevlə telefonla danışdığını təsdiqləyib.

M.Millerin sözlərinə görə, Blinken Əliyevi “Dağlıq Qarabağ” sakinlərinin təhlükəsizliyini və sərbəst hərəkətini təmin etməyə, hərbi əməliyyatları bərpa etməmək vədinə əməl etməyə və müşahidəçilər missiyasına icazə verməyə çağırıb.

Dövlət katibi bu gün yenidən prezident Əliyevlə danışıb və növbəti hərbi əməliyyatların yolverilməzliyini, təhlükəsizliyin qeyd-şərtsiz təmin edilməsinin, mülki əhalinin sərbəst hərəkətinin və “Dağlıq Qarabağ”a humanitar yardımların maneəsiz çıxışının zəruriliyini vurğulayıb”, – Miller qeyd edib.

Söhbət zamanı Blinken Əliyevə bir daha hərbi gücə əl atmamaq və müşahidəçi missiyasını qəbul etmək vədlərini xatırladıb.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətAzərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağa səfərinin təşkilinə hazırdır