close

ABŞ Qarabağa humanitar yardımla bağlı çağırış edib

ABŞ Milli Təhlükəsizlik Şurası. Foto: Wiki

Adrienne Uotson 28 min insanın Qarabağı tərk etdiyini deyib

ABŞ yenidən Qarabağda “bütün ehtiyacı olanlar üçün” humanitar yardımın davam etdirilməsinə çağırış edib.

Bununla bağlı ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uotson açıqlama verib.

Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat verib.

Dağlıq Qarabağda yanacaq anbarında baş vermiş partlayış nəticəsində ən azı 68 nəfərin həlak olması və yüzlərlə insanın yaralanmasından kədərlənir və Dağlıq Qarabağ sakinlərinə, hadisədən əziyyət çəkənlərin hamısına dərin hüznlə başsağlığı veririk”, – deyə Uotson bildirib.

Adrienne Uotson. Foto: ABŞ DD

O qeyd edib ki, Birləşmiş Ştatlar böhrandan zərər çəkənlərə dəstəyini davam etdirəcək.

Uotson artıq 28 min insanın Qarabağdan Ermənistana getdiyini deyib:

USAİD-in rəhbəri oradadır  və bu gün Birləşmiş Ştatlar səhiyyə və digər fövqəladə ehtiyacların həlli üçün yerli icmalara Dağlıq Qarabağda zorakılıqdan zərər çəkmiş köçkünlər üçün sığınacaq və ləvazimatlarla təmin olunmasında kömək edir”.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətABŞ Qarabağa humanitar yardımla bağlı çağırış edib