close

Müdafiə Nazirliyi son əməliyyatlardakı itkilərin siyahısını açıqladı

Qarabağda hərbi əməliyyatlar Foto: Reuters

192 hərbi qulluqçunun həlak olduğu, 511 nəfərin yaralandığı bildirilir

Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi 19-20 sentyabr tarixlərində keçirilən hərbi əməliyyatlarda həyatını itirən hərbçilərin siyahısını yayıb.

Nazirliyin siyahısında döyüşlərdə həlak olan 192 hərbçinin adı qeyd edilib.

Bildirilir ki, 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Bir nəfər isə mülki şəxsdir.

Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Ümumilikdə, 193 nəfərin həlak olduğu bildirilir.

Bu gün Səhiyyə Nazirliyi əməliyyat zamanı 511 hərbi qulluqçunun və 1 mülki şəxsin yaralandığını bildirib.

Səhiyyə Nazirliyi həmçinin onu da əlavə edib ki, şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Meydan TV-nin yaydığı siyahıda həlak olanların sayı isə 200 nəfər idi.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi son əməliyyatlardakı itkilərin siyahısını açıqladı