Şamil Qurbanov: “İmkanım olsa, kimdənsə nə minnət götürərəm, nə də yalvarıb-yaxararam”
Balakən rayonunun Talalar kənd sakini Şamil Qurbanovun səhhətində ciddi problemlər var. Uzun müddətdir ki, mədə-bağırsaq, ağciyər, böyrək xəstəliklərindən əziyyət çəkir. Gileylənir ki, böyrək çatışmazlığına görə dializə ehtiyacı olduğu halda, onu xəstəxanada “boş yer yoxdur” bəhanəsilə qəbul eləmirlər. Deyir ki, pulu olmadığına görə özəl xəstəxanalara da gedə bilmir. Bu üzdən çarəsiz vəziyyətdə qalıb.
“Nə öz imkanım var, nə də dövlət xəstəxanası götürür”
“Ürəyimdən başqa hər yerim xəstədir…”, – o, Meydan TV-nin əməkdaşıyla söhbətinə belə başlayıb.
49 yaşlı Şamil Qurbanov bir müddət əvvəl mədə-bağırsaq qanaxmasıyla Respublika Klinik Xəstəxanasına çatdırılıb:
“Orada bir müddət müalicə olundum. Sağ olsunlar, vəziyyətdən çıxartdılar. Mən həm də vərəm xəstəsiyəm. Ən ciddi problemim isə böyrəklərimdir. İki böyrəyim də sıradan çıxıb. Dializə ehtiyac var. “Respublikanski”də olduğum müddətdə orada elədilər. Ümumiyyətlə, oradan narazılığım yoxdur. Amma oradan çıxandan sonra bilmirəm ki, neyləyim. Nə öz imkanım var ki, gedim, özəl xəstəxanalarda müalicə alım, nə də dövlət xəstəxanası götürür…”.
“Görün nə vəziyyətdəyəm, ölürəm axı…”
Şamil Qurbanovun sözlərinə görə, böyrək çatışmazlığıyla əlaqədar dializ proseduru üçün Masazırdakı xəstəxanaya da müraciət edib. Lakin orada da yer olmadığı bildirilərək, imtina olunub:
“Özümün qətiyyən imkanım yoxdur. Qardaşım da fəhlədir, günü 10-15 manata işləyir. Xırdalan tərəfdə qalır. Masazır xəstəxanasında da dializ proseduru var. Əlimdə göndərişlə ora getdim, dedilər, yer yoxdur. Mən isə gözümlə görürəm ki, yer var. Deyirəm ki, baxın, görün, mən nə vəziyyətdəyəm, ölürəm axı. Deyirlər, “get, hara istəyirsən, şikayət elə”. İnsana, xəstəyə qarşı bu qədər laqeydlik olmaz axı. İmkanım olsa, kimdənsə nə minnət götürərəm, nə də yalvarıb-yaxararam”.
“Gününə, saatına baxırlar, boş yer yoxdursa…”
Xəstəxanadan isə Meydan TV-yə bildirilib ki, Şamil Qurbanov ilk növbədə Kliniki Tibbi Mərkəzdə (keçmiş “Semaşko”) fəaliyyət göstərən Hemodializ Komissiyasına müraciət etməlidir:
“Həmin komissiya xəstənin yaşayış yerinə ən yaxın olan dializ mərkəzinə pulsuz dializə göndərir. Gününə, saatına baxırlar, orada boş yer yoxdursa, nisbətən yaxın olan yerə təyin edirlər. Komissiya hər həftənin çərşənbə axşamı fəaliyyət göstərir”.
Şamil Qurbanov isə deyir ki, iki dəfə həmin komissiyada olub, ona prosedur təyin edildiyi də deyilib. Lakin son nəticədə dializ oluna bilməyib.