close

Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub

Foto: DTX

Əli Nağıyev ilə Mariya Peyçinoviç Buriç arasında sənəd imzalanıb

Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında belə deyilir.

Qurum bildirir ki, oktyabrın 30-da Avropa Şurasının Strasburqdakı mənzil qərargahında DTX rəisi Əli Nağıyev və bu təşkilatın baş katibi Mariya Peyçinoviç Buriç arasında sənəd imzalanıb.

Mariya Peyçinoviç Buriç Azərbaycanın konvensiyaya qoşulmasını vacib addım sayıb. Bildirib ki, uzun illər formalaşmış ikitərəfli münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə inanır.

Avropa Şurasının İnsan orqanı alverinə qarşı mübarizə haqqında Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət hesab etməyə çağırır.

Konvensiyaya görə, götürülmə diri və ya ölmüş donorun azad, məlumatlı və xüsusi razılığı olmadan edilə bilməz. Orqanların götürülməsi müqabilində canlı donor və ya üçüncü şəxs maddi gəlir və ya müqayisəli üstünlük əldə edə bilməz.

Konvensiya həmçinin, qurbanlar üçün müdafiə tədbirləri və kompensasiyalar, eləcə də transplantasiya xidmətlərinə şəffaflığı və bərabər çıxışı təmin etmək üçün profilaktik tədbirləri nəzərdə tutur.

Ana səhifəSiyasətAzərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub