close

Gələn ilin büdcəsindən Qarabağın bərpası üçün ayrılan xərclər azaldılıb

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Ekspert Qarabağa qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olduğunu deyir

2024-cü ildə Qarabağın bərpasına 3825 milyon manat ayrılması nəzərdə tutulub.
Bu, 2023-cü ildə ayrılan vəsaitdən 20.3 faiz və ya 975 milyon manat azdır.

Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində belə qeyd edilib.

İqtisadçı Rövşən Ağayev deyir ki, 5 il ərzində, yəni 2022-ci ildən 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 mlrd. manat tələb olunur.
Rəsmi məlumatlardan görünən odur ki, 2023-cü il də daxil, həmin vəsaitin hardasa 11,9 mlrd. manatı xərclənib.

İqtisadçı təxmin edir ki, qarşıdakı 3 ildə hardasa 18,6 mlrd. manat da xərclənməlidir, lakin büdcədən növbəti 3 ildə cəmi 10,6 mlrd. manat xərclənəcəyi göstərilir:

“Sənəddən aydın olur ki, dövrün sonuna (2026-cı il) “Qayıdış proqramı”nın icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,1 mlrd. manat az -ümumilikdə 22,4 mlrd. manat xərclənəcək. Yerdə qalan 8,1 mlrd. manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Rövşən Ağayev deyir ki, açıqlamalarda daha diqqətçəkən məqamlardan biri də qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olmasıdır. Müharibənin yeni bitdiyi dövrdə ekspert müzakirələrində tam bərpanın 20-25 mlrd. dollara (cari məzənnə ilə 35-40 mlrd. manat) başa gəlməsinin mümkünlüyü səsləndirilirdi:

Doğrudur, ilk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir. Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20 faizinin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən dörddə birinin qurulacağı planlanır”.

İqtisadçı qeyd edir ki, ikinci mərhələ üçün daha böyük həcmdə sərmayə tələb olunacaq. Eyni zamanda, neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək.

Maliyyə naziri Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib ki, işğaldan azad edilən ərazilərin bərpasına iki il ərzində dövlət büdcəsindən 6,5 milyard manat ayrılıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bundan 3 il sonra, 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Beləliklə, ərazidəki silahlı erməni dəstələri tərksilah edilib, separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Ana səhifəİqtisadiyyatGələn ilin büdcəsindən Qarabağın bərpası üçün ayrılan xərclər azaldılıb