close

Azərbaycan niyə insan haqlarından 1 alır?

“Freedom House” Gürcüstan və Ermənistandakı siyasi idarəçiliyi “hibrid rejim” kimi təsvir etdiyi halda, Azərbaycan üçün “konsolidasiya edilmiş avtoritar rejim” ifadəsini uyğun sayıb. Azərbaycandakı demokratiyanın dəyəri isə 1 xalla ölçülür – 100 mümkün xaldan. Təşkilat Gürcüstan və Ermənistanı “qismən-azad”, Azərbaycanı isə “qeyri-azad” ölkə kimi sinifləndirib.

İndi ötən il baş verən bəzi hadisələrə nəzər salmaqla 99 xalın hara qeyb olduğunu aydınlaşdırmağa çalışaq.

Azərbaycan dindarların kütləvi həbsi ilə müşahidə edilən Nardaran və Gəncə işlərinə bu il İran işini də əlavə etdi. İranla siyasi müstəvidə gərginləşən münasibətləri yüzlərlə dindarın həbsi izlədi. Onlar narkotik və digər bənzər həbslər üçün xarakterik ittihamlarla saxlandılar, hökumət mediasında casus deyə göstərildilər. Bu proses aylarla çəkdi və ən azı 500 nəfərin həbs edildiyi bildirilir.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası ilə başlayan Söyüdlü hadisələri 2023-ün ən qalmaqallı olaylarından biri kimi xarakterizə edilir. Xüsusilə İlham Əliyevin uzunmüddətli susqunluqdan sonra hadisəni “ləyaqətli polis davranışı” kimi şərh etməsindən sonra. Kənd sakinlərinin etirazı əvvəlcə polisin qeyri-adekvat güc tətbiqi ilə dağıdıldı, ardınca kənd ölkədən təcrid edildi, müstəqil media jurnalistləri Söyüdlüdə təzyiqə məruz qaldı.

23 iyul Azərbaycanda tanınmış iqtisadçı və siyasətçi Qubad İbadoğlunun həbsi ilə yadda qaldı. Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildi və o, təqsirləndirilən şəxs qismində işə cəlb edildi.

Daxili İşlər Nazirliyi onun Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri əsasında saxlandığını dedi. “Human Rights Watch” bu həbsi hökuməti tənqid edənlərə qarşı uzun müddətdir şübhəli ittihamların irəli sürülməsinin dair nümunələrdən biri kimi şərh etdi.

19 sentyabr 2023-cü ildə, səhər saatlarında başlayan Qarabağda Azərbaycan Müdafiə Nazirliyinin anti-terror əməliyyatları adlandırdığı hərbi toqquşma zamanı bir neçə azərbaycanlı fəal sülh çağırışları edərək, müharibəni pislədi. Bu isə onların bəzilərinin saxlanması ilə nəticələndi.

İlboyu ictimai fəal Afiəddin Məmmədovun saxlanma xəbərləri də gündəmdən düşmədi. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası sədrinin son həbs xəbəri 21 sentyabrda gəldi. O, yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunur. Afiəddin həmin şəxsin ona hücum etdiyini bildirir, həbsini işçi hüquqları ilə bağlı fəaliyyəti ilə əlaqələndirir. Konfederasiyanın bir neçə üzvü də il boyu həbs edildi, onlara qarşı narkotik ittihamı irəli sürüldü.

“AbzasMedia”da dərc edilən “polisin xüsusilə siyasi fiqurları narkotiklə şərləməsindən” danışılan araşdırmada anonim müsahibə vermiş hüquq müdafiəçisi və keçmiş polis işçisi İlhamiz Quliyev 5 oktyabrda saxlandı. Dekabrın 4-ü o, bu dəfə mülki geyimlilər tərəfindən aparıldı və sonradan narkoticarətdə ittiham edilib, bu dəfə 4 aylıq cəza aldı.

Demokratik mühitin sütunlarından sayılan media da bu ilin həbs dalğalarından nəsibini aldı. 20 noyabrdan etibarən Azərbaycan gündəmində “Abzas işi” danışılmağa başlanıldı. Əvvəlcə “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlandı, ardınca baş redaktor Sevinc Vaqifqızı. Üç gün xəbər alına bilməyən Məhəmməd Kekalovun da eyni işdə – qaçaqmalçılıqda ittiham olunduğu DİN sözçüsünün “Facebook” şərhi ilə ortaya çıxdı. Hökumət mediası onları xarici agent elan etdi.
Kanalın digər əməkdaşı Nərgiz Absalamova barəsində də dekabrın 1-də 3 aylıq həbs qətimkan tədbiri seçildi. Hər biri bu ittihamı rədd edib, həbsini peşə fəaliyyətilə əlaqələndidi. Beynəlxalq insan haqları və media təşkilatları da həbsi “AbzasMedia”nın işi ilə əlaqələndirib, pislədi.
Bu həbs dalğası da Azərbaycan və ABŞ arasındakı gərginliyin yaranması və hökumət mediasında USAID-in Azərbaycandakı fəaliyyətinin tənqid olunması ilə eyni dövrə düşdü.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov 27 noyabrda saxlandı. O, qanunsuz tikintiyə görə ittiham olunur. Vəkili isə deyir ki, bu həbs onun media fəaliyyətinə görə məruz qaldığı təzyiqdir.

İnternet televiziyanın aparıcısı Rüfət Muradlı isə dekabrın 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham edildi və barəsində 30 sutkalıq həbs qətimkan tədbiri qərarı çıxarıldı.

Bakının Xətai Rayon Məhkəməsi “AbzasMedia”ya qarşı cinayət işində adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi odənişləri və hüquqi şəxslərin pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxardı. “AbzasMedia” işində şahid kimi dindirilmiş araşdırmaçı-jurnalist Hafiz Babalı və iqtisadi təhlilçi Toğrul Vəliyevin də bank hesablarına həbs qoyuldu.

İlboyu insan haqları pozuntularından təkcə siyasi fiqurlar, media və QHT sektoru yox, sıravi insanlar, azyaşlılar da nəsibini aldı.

Dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində çəkildiyi deyilən bu görüntülərdən sonra polisin işdən azad edildiyi deyilsə də, DİN təfərrüatları bölüşmək zərurəti hiss etməyib.

10 dekabr Dünya İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan üçün insan haqları mövzusunda xronikanı ümidverici notlarda bitirmək çətindir. Xüsusilə növbədənkənar seçkilərin elan edildiyi, həbslərin davam etdiyi bir ictimai təşviş şəraitində…

Ana səhifəVideoAzərbaycan niyə insan haqlarından 1 alır?