close

Reportyor Teymur Kərimovun saxlanıldığı bildirilir

Teymur Kərimov, foto: şəxsi facebook səhifəsi

Günortadan bəri ondan xəbər yoxdur

“Kanal 11” internet televiziyasının direktoru, reportyor Teymur Kərimovun saxlanıldığı bildirilir. Bu barədə məlumat verən yaxınlarının sözlərinə görə, dekabrın 11-də günorta saat 12.00 radələrindən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Teymur Kərimovun telefonu söndürülüb, ailə üzvlərinə də harada olduğu haqda heç bir məlumat verilməyib. Yaxınları onun hüquq-mühafizə orqanları tərəfindən saxlandığını düşünür.

DİN isə heç bir açıqlama verməyib. Qurumun mətbuat xidməti telefonları cavablandırmayıb.

“Kanal 11” internet televiziyası da Teymur Kərimovla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, reportyor iyulda çəkdiyi, həm “Kanal 11”, həm də “Azad söz” internet televiziyalarında yayımlanan reportajdan sonra ciddi təzyiqlərə məruz qalıb. Söhbət Daşkəsənin o zamankı icra başçısı, sabiq deputat Əhəd Abıyevlə bağlı video-reportajdan gedir:

“Teymur Kərimovun evinə polis gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə ona adların səhv düşdüyünü deyiblər. Bundan əlavə, Teymur Kərimov dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə izahat vermək üçün çağırılıb və ya ona video-reportajın yayılmasının qarşısının alınması məqsədilə zənglər edilib.

Bir müddət əvvəl isə qazilərin polislər tərəfindən zorakılığa məruz qalması və buna etiraz etmələrini işıqlandırdığı üçün yenidən hədəfə gəlib. Yenə video-reportajların silinməsi üçün ona hədə-qorxu gəliblər. İzahat almaq adıyla polisə dəvət edilib”.

Daxili İşlər Nazirliyindən Teymur Kərimovun saxlanması, yeri barədə məlumat almaq mümkün olmayıb.

Yayılan məlumata görə, Teymur Kərimov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır. Eyni zamanda, reportyorun Nərimanov rayonu, 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanması iddiaları da var. Lakin bu məlumatların heç birini rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb.

Son 3 həftə ərzində Azərbaycanda xeyli media nümayəndəsi həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), layihə koordinatoru Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova, “Kanal13” internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, bu kanalın aparıcısı Rüfət Muradlı da var.

“Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır”, – “Kanal 11”in bəyanatında vurğulanıb.

Ana səhifəXəbərlərReportyor Teymur Kərimovun saxlanıldığı bildirilir