close

Azərbaycanda karantin rejimində seçkilər: “Heç bir maneə yoxdur”

Foto: Meydan TV

“Xüsusi karantin rejimi formal xarakter daşıyır”

Azərbaycanda karantin rejimi 2024-cü il aprelin 2-dək uzadıldı. Beləliklə, 7 fevral növbədənkənar Prezident seçkiləri pandemiya şəraitində keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID 19 pandemiyasının bitdiyini elan etsə də, bütün dünya ölkələri karantin rejimindən çıxsa da, Azərbaycanda xüsusi karantin rejimi vaxtaşırı uzadılır.

Bəs karantin rejimində seçki keçirmək məntiqlidirmi?

Hüquqşünas Fuad Ağayev Meydan TV-yə deyir ki, Azərbaycanda karantin rejimi formal xarakter daşıyır.

Fuad Ağayev foto Meydan TV
Source: arxiv

Onun sözlərinə görə, indiki şəraitdə seçkilərin keçirilməsinə hər hansı bir maneə yoxdur:

 “Əvvəlki illərdə sərt karantin rejimində insanların hərəkət azadlığı məhdudlaşdırılmışdı və qısa müddətdə mənzillərindən kənara çıxmağa icazələr verilirdi. Sonra hərəkət azadlığı ilə bağlı məhdudiyyətlərin böyük əksəriyyəti götürüldü və hazırda karantin rejimi Azərbaycan daxilində formal xarakter daşıyır. Bu baxımdan prinsip etibarı ilə mövcud karantin rejimi seçkilərin keçirilməsinə maneə yaratmır”.

Professor Adil Qeybulla karantin rejiminin tam qaydaları ilə tətbiq olunmadığını və əvvəlki statusda saxlanıldığını deyib:

“Ölkə daxilində hərəkət azadlığı qalır. İndiki vəziyyətə əlavələr yoxdur, sadəcə, sərhədlər bağlı saxlanılır. Ona görə də karantin rejiminin seçkiyə ciddi təsiri olmayacaq”.

Adil Qeybulla
Adil Qeybulla, Foto: Meydan TV

Seçki üzrə ekspert Anar Məmmədli Azərbaycanda karantin rejiminin yumşaq olduğunu vurğulayıb.

O əlavə edib ki, bir neçə il əvvəl hətta karantin rejimində seçkilərin keçirildiyi ölkələr olub:

“2020-ci ildə pandemiya başlananda bəzi ölkələrdə seçkilər də keçirildi. Həmin ölkələrdə seçki vaxtı uzadılırdı ki, insanlar rahat şəkildə səs versinlər, sıxlıq yaranmasın. Düzdür, seçki kampaniyası zamanı görüşlər və mitinqlər təxirə salınmışdı”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Əgər olaya universal standartlardan yanaşsaq, bütün hakimiyyətlər 4 və ya 5 ildən bir seçki keçirir, yəni müddət göstərilməlidir. Amma Azərbaycanda növbədənkənar seçkinin təyin olunmasında bir qədər qeyri-demokratiklik var. Çünki əhali, partiyalar və media seçkiyə hazır deyil, prosesə gözlənilmədən start verildi. Avropa Şurası ölkələrində seçkilərin növbədənkənar keçirilməsinin xüsusi zəruri şərtləri var, Azərbaycan Konstitusiyası növbədənkənar seçkini müəyyən edir, amma şərtləri göstərmir. Yəni hansı zəruri şərait yarandı ki, növbədənkənar seçki haqda sərəncam imzalandı – bizim Ana Yasada bu məsələ təsbit olunmayıb”, – deyə Məmmədli fikrini tamamlayıb.

Dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək

Ana səhifəSiyasətAzərbaycanda karantin rejimində seçkilər: “Heç bir maneə yoxdur”