close

Azərbaycanda artan işsizlik, formal rəqəmlər və iş tapa bilməyən vətəndaşlar

Naxçıvan. Foto: Meydan TV

Naxçıvan sakini üç ildir ki, dövlət idarələrinin qapılarını döyür

“Artıq üç ilə yaxındır ki, işsizəm. Dəfələrlə işlə təmin olunmaq üçün dövlət idarələrinə ərizə ilə müraciət etmişəm. Hər dəfə deyirlər ki, get, iş olanda çağıracağıq”.

Bunu Meydan TV-yə Naxçıvan sakini Tahir İbrahim oğlu Abbasov deyir:

Pis vəziyyətdə qalmışam, hara gedirəm, şikayətimə baxmırlar. Adamım yoxdur deyə işlə təmin etmirlər. On ildir ki, boşanmışam. İkinci övladımın ayağında qüsur var, imkansızlıqdan onlara da kömək edə bilmirəm. İşsiz olduğum müddətdə 3200 manat aliment borcum yığılıb”.

“Belə haqsızlıq olmaz…”

“Belə haqsızlıq olmaz, xahiş edirəm ki, mənə iş verilsin, ailəmi, uşaqlarımı dolandırım. İş yerim olmadığı üçün bankdan kredit də vermirlər ki, kiçik sahibkar kimi nəsə iş qura bilim”, – işsizlikdən şikayətlənən vətəndaş belə deyir.

O, işlə əlaqədar konkret hansı idarələrə müraciət etdiyini deməyib.

Meydan TV Naxçıvan Dövlət Məşğulluq Xidməti ilə əlaqə saxlayıb, vətəndaşın işlə əlaqədar müraciət edib-etmədiyini öyrənməyə çalışıb.

İdarədən zənglərə cavab verilməyib.

Naxçıvan Statistika Komitəsinin 2021-ci ilin sonuna olan rəsmi rəqəmlərinə görə, 500 mindən çox əhalisi olan Muxtar Respublikada işsizlərin sayı 300 nəfərdir.

Foto: Tahir Abbasovun arxivindən

“Təkcə Naxçıvanda deyil, ölkənin bütün bölgələrində vəziyyət belədir”

İqtisadçı Toğrul Maşallı Meydan TV-yə deyir ki, nəinki Naxçıvan, Azərbaycanın digər bölgələrində işçi sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur:

İşsizliyin səbəbi də bölgədə düzgün iqtisadiyyatın qurulmaması ilə əlaqədardır. Bölgələrdə gəlir yeri kənd təsərrüfatındandır. Kənd təsərrüfatı ilə məğşul olmaq, yaxud da kənd təsərrüfatı  məhsullarının emalı mövsümi xarakter daşıyır və vətəndaşa bütün dövr ərzində iş vermir. Naxçıvanda da eyni tendensiyadır. Statistika göstərir ki, Muxtar Respublikada muzdlu  işləyənlərin sayı 109 mindir. Sual yaranır: bəs digərləri nə ilə məşğul olur? Yerdə qalanlar, güman ki, adətən, tələbə, ya da pay torpaqları olanlar kimi hesablanır. Onlar işsiz yox, iqtisadi fəal sayılırlar”.

İqtisadçı qeyd edib ki, iqtisadi fəal kimi qeydiyyata alınanlar da elə işsiz sayılırlar:

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

“Bu qədər insan kənd təsərrüfatı ilə effektiv məşğul ola bilməz. Bir hektar sahədə heç nə etmək mümkün deyil. Həmin bir hektar ərazidən gələn çox kiçik gəlir, bir ailə arasında bölünür. Bu da birbaşa işsizlikdir. Bu kimi səbəblərə görə qeydiyyat düzgün aparılmır. Kifayət qədər insan işsiz ola-ola rəsmi olaraq işsiz sayılmır. Təkcə Naxçıvanda deyil, ölkənin bütün bölgələrində vəziyyət belədir”.

“Azərbaycanda rəsmi işsizlik səviyyəsi statistik göstəricilər üçündür”

İqtisadçı Natiq Cəfərli isə Meydan TV-yə deyir ki, Azərbaycanda rəsmi işsizlik səviyyəsi ancaq formal və statistik göstəricilər üçündür, reallığı əks etdirmir:

Çünki işsiz kimi qeydiyyat prosedurunu keçmək özü çətin bir iş tələb edir. Azərbaycanda işsizlik statusu almaq üçün xüsusi müraciət etməlisən. Məşğulluq idarəsinə getməlisən, ərizə yazamalısan, işsiz olmağını sübut etməlisən. Bizdə bu prosedur qəliz olduğu üçün rəsmi işsizlərin sayı azdır. Azərbaycanda rəsmi işsizlik rəqəmləri beş faiz civarındadır”.

“Avropa ölkələrində işsizliklə bağlı qaydalar avtomatlaşdırılıb”

“Uzun illərdir ki, bu rəqəm dəyişmir. Belə bir dinamika mümkün deyil ki, bu göstərici uzun illər eyni səviyyədə qalmır. Qeydiyyat proseduru çətin olduğuna görə müəyyən problemlər yaratdığına görə vətəndaşlar çox zaman müraciət etmir. Bu statusun ona hansısa üstünlük verəcəyini də düşünmür”, – deyə o bildirib.

İqtisadçı bildirib ki, Amerikada və bir çox Avropa ölkələrində işsizliklə bağlı qaydalar avtomatlaşdırılıb:

İş yerləri leqal olduğu üçün kimsə iş yerini itirən kimi mərkəzi sistemdə bu, avtomatik olaraq hesablanır. Məsələn, Amerikada hər həftə bu rəqəmlər çıxır. Kiminsə işdən çıxması, həmin an mərkəzi məlumatlandırma sistemində görünür. Xaricdə işsiz kimi qeydiyyata düşdünsə, müəyyən müddət maddi yardım almaq hüququn da yaranır. Azərbaycan qanunvericiliyində də bununla bağlı müəyyən müddəalar var. Lakin əhalinin 95 faizi bundan xəbərsizdir”.

Mənbə: Meydan TV

İşsizlik müavinətini kimlər ala bilər?

İşsizlik müavinəti almaq üçün vətəndaş yaşadığı ərazi üzrə Məşğulluq İdarəsinə müraciət etməlidir.

Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:

– Şəxsiyyəti təsdiq edən sənəd
– Əmək kitabçası
– Peşə və ya ixtisasını təsdiq edən sənəd

Həmin sənədləri şəxsən təqdim etdikdən sonra vətəndaş işaxtaran kimi qeydiyyata alınır.

İşaxtaran kimi qeydiyyata alınan vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib iş təklif olunmadığı halda, Baş Məşğulluq İdarəsi və onun yerli orqanları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.

Vətəndaş qeyd edilən sənədlərdən əlavə aşağıdakı sənədləri də təqdim etməlidir:

– Pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;
– Yaşayış yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;
– Yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
– Himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti.

Qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əməkhaqqı barədə arayışı da təqdim etməlidir.

Dövlət Məşğulluq Xidməti

Qanunvericiliyə görə, işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70%-i məbləğində müəyyən edilir.

İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10%-i məbləğində, lakin 50%-dən çox olmamaq şərti ilə artırılır.

Kimlər müavinət ala bilməz?

Əmək müqaviləsi müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər işsiz sayılmır.

Həmçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları işsizlik müavinəti ala bilməz.

Ana səhifəBölgəAzərbaycanda artan işsizlik, formal rəqəmlər və iş tapa bilməyən vətəndaşlar