close

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs məhkəmə qarşısında

Azərbaycanın Tehrandakı səfirliyinin qapısı, hücumdan sonra. Foto: Reuters

Bir günə məhkəmə istintaqı yekunlaşıb, hökm gözlənilir

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxsin məhkəməsi olub.
İranın İRNA Agentliynin məlumatına görə, məhkəmədə Azərbaycan səfirliyinin nümayəndələri də iştirak edib.

Məlumatda bildirilir ki, Tehranda müttəhim və vəkillərin iştirakı ilə Azərbaycanın İrandakı səfirliyinə hücum ittihamı üzrə məhkəmə iclası olub.

İclasda prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs səfirlikdə Azərbaycan vətəndaşını qətlə yetirməkdə, qanunsuz silah və döyüş sursatı əldə etməkdə, daşımaqda və saxlamaqda, ictimai asayişə müdaxilədə ittiham olunub.

Həmçinin o, Azərbaycan səfirliyində dağıntılar törətməkdə və səfirliyin üç əməkdaşına hücumda, sağlamlığa qəsdən ziyan vurmaqda ittiham olunub.

İttiham aktı elan edildikdən sonra təqsirləndirilən şəxs və vəkilləri etirazlarını bildiriblər. İclasın sonunda bu işə baxılmasının yekunlaşdığı elan edilib və məhkəmə sədri hökmün qanunla müəyyən edilmiş müddətdə elan olunacağını vurğulayıb.

2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub. Hadisə zamanı mühafizə xidmətinin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Yaralılardan biri hücum edən şəxsi səfirlik binasından çıxarmağa müvəffəq olub. O, binadan kənarda da bir müddət diplomatik missiyanı təhdid etməkdə davam edib. Bütün bunlar baş verərkən İranın güc qurumları tamamilə hərəkətsiz qalıb. İran hakimiyyəti cinayətin səbəblərini “şəxsi motivlər” kimi qələmə verməyə çalışıb, Azərbaycanda hücum terror aktı adlandırıb.

Daha sonra Azərbaycan İrandakı diplomatlarının, digər işçilərin və onların ailə üzvlərinin həyat təhlükəsizliyi olmadığına görə səfirliyin əməkdaşlarını, onların ailə üzvlərini ölkəyə təxliyə edib, Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətini isə dayandırıb.

Bu gün sadəcə İranın Təbriz şəhərində Azərbaycanın konsulluğu fəaliyyət göstərir.

Bu hadisədən sonra Azərbaycanda yüzlərlə dini inanclı şəxs həbs edilib, əksəriyyəti ilə bağlı ilkin açıqlamada “İran agenti” ifadəsi işlədilib.

Ana səhifəSiyasətAzərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs məhkəmə qarşısında