close

Baş Prokurorluq: Dəm qazından zəhərlənmə və ölüm hallarında artım var

Dəm qazı. Mənbə: “saglamolun.az”

 Təkcə son 1 həftədə 6 nəfər dəm qazından həyatını itirib

2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm halları artıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Təkcə son bir həftədə Göygöldə Minayə Məmmədova və qızı Aygün Məmmədova, Lənkəranda Murad Cəfərov və həyat yoldaşı Bənövşə Cəfərova, Bakıda isə Əli və Sərxan Həsənov qardaşları dəm qazından boğulub.

Baş Prokurorluqdan bildirilib ki, ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə hallarıyla bağlı hadisələrin baş verdiyi ərazilər üzrə rayon prokurorluqlarında cinayət işləri başlanıb, araşdırmalar aparılır.

Baş Prokurorluq. Foto: Meydan TV

Yanvarın 25-də meyitləri tapılmış ADA Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi, 22 yaşlı Sərxan Həsənov və qardaşı, 23 yaşlı Əli Həsənovun ölümüylə bağlı da Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hava şəraitinin qeyri-sabit olmasıyla bağlı istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmaması, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına düzgün nəzarət olunmaması nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.

Hadisələrin baş vermə səbəbləri hərtərəfli, tam və obyektiv araşdırılmaqla, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”, – Baş Prokurorluqdan bildirilib.

Ana səhifəSosialBaş Prokurorluq: Dəm qazından zəhərlənmə və ölüm hallarında artım var