close

Müstəntiq vəkil və təqsirləndirilən şəxsdən xəbərsiz onların adından sənədlər imzalayıb

Yevlax Rayon Polis Şöbəsi. Foto: Yevlax “Facebook” səhifəsi.

Yevlax sakini törətmədiyi cinayətə görə ilyarım təqib altında olduğunu deyir

Yevlax rayonunun Qaraməmmədli kənd sakini Sabir Vəliyev deyir ki, onu törətmədiyi cinayətə görə ilyarım incidiblər.

“Sənədlər olmasaydı, notarius alqı-satqı müqaviləsini imzalamazdı ki…”

40 yaşlı Sabir Vəliyev yaşadığı kənddə əkinçiliklə məşğuldur. Bir il öncə Yevlax Rayon Məhkəməsində hakim Ruslan Əlizadə onun haqqında ittiham hökmü çıxarıb. O, kənd təsərrüfatı təyinatlı torpaqları zəbt etməkdə – Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsilə təqsirli bilinib, 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İddia olunur ki, Qaraməmmədli kəndinin başqa bir sakini Yusif Vəliyevin 1,17 hektar, bələdiyyənin mülkiyyətindən isə 0,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib, illərlə orada əkin-biçinlə məşğul olub, kanal çəkib və s.

Ancaq Sabir Vəliyev deyir ki, yalandır, heç kimin torpağını zəbt etməyib. Əkinçiliklə məşğul olduğu ərazini də başqa bir kənd sakinindən öncə bir müddət icarəyə götürüb, sonra isə sahibindən alqı-satqıyla alıb:

“2012-ci ildə icarəyə götürdüm. O vaxt icarə üçün nə qədər pul verdiyim yadımda deyil. 2014-cü ildə isə təxminən 3 min manata almışam. Notariusda aramızda alqı-satqı olub. Torpağın Dövlət Aktı vardı, sənədlər qaydasında idi. Yoxsa notarius alqı-satqı müqaviləsini təsdiqləməzdi ki…”.

Alqı-satqı müqaviləsinə görə, o, 2,24 hektar torpaq sahəsi alıb. İki il sonra həmin ərazi üçün çıxarış almaq qərarına gəlib və sənədləri Dövlət Reyestr Xidmətinə təqdim edib. Çıxarış alanda isə orada 0.26 hektar yazıldığını görüb:

“Məsələ ilə əlaqədar Reyestr Xidmətinə müraciət elədim. Mənə dedilər ki, sənədlər, torpaqların xəritəsilə bağlı problem var. Prezidentin fərmanıyla pilot layihə hazırlanır, tezliklə bütün bu problemlərin həll olunacaq”.

Əmi qardaşoğlunun həbsini tələb edir

Sabir Vəliyev deyir ki, günlərin birində Yevlax Rayon Polis Şöbəsinə çağırılıb, Yusif Vəliyevin ondan şikayətçi olduğunu öyrənib. 2022-ci ilin yayında Yevlax Rayon Polis Şöbəsində onun haqqında Cinayət Məcəlləsinin 188-ci maddəsilə cinayət işi başlanıb. İki gün tutulub, polis şöbəsində saxlanılıb. Sonra “polis nəzarətinə vermə” qətimkan tədbirilə buraxılıb. 2023-cü ilin yanvarında da Yevlax Rayon Məhkəməsi hökm çıxarıb.

Həm Sabir Vəliyev hökmdən şikayət verib, həm də zərərçəkmiş qismində tanınan əmisi Yusif Vəliyev. Sabir Vəliyev və müdafiəçiləri apelyasiya şikayətinə təqsirsiz olduğunu vurğulayıb, bəraət istəyib. Əmisi isə əksinə, ona verilən 3 il 6 aylıq azadlığın məhdudlaşdırılması cəzasını yüngül hesab edib, onun həbs olunmasını tələb edib.

Yusif Vəliyevin sözlərinə görə, qardaşı oğlunun əkin-biçinlə məşğul olduğu ərazi əslində, ona məxsus olub. 2014-cü ildə alqı-satqıda istifadə olunan sənədlər – Dövlət Aktı saxta olub. Nəticədə Sabir Vəliyev illərlə ona məxsus ərazidə əkin-biçinlə məşğul olub, ekskavatorla qazıntı aparıb, orada kanal çəkib.

Qaraməmmədli Kənd Bələdiyyəsi də ikinci zərərçəkmiş qismində tanınıb. Amma bələdiyyənin nümayəndəsi məhkəmədə bildirib ki, onların heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında bəhs olunan 0,58 hektar torpaq sahəsinin Sabir Vəliyevə aid pay torpağı olduğunu hesab ediblər. Çünki onlarda olan 2006-cı ilin kadastr sənədlərində sözügedən 0,58 hektar bələdiyyəyə məxsus olmayıb:

“Bir müddət əvvəl torpaqların yeni xəritəsi çəkilib. Bu prosesə qədər həmin 0,58 hektarın bələdiyyəyə aid olduğunu bilməmişik. Çünki əvvəlki sənədlərdə görünmürdü. Bu gün də həmin torpaq sahəsinin bələdiyyəyə aid olduğunu deyə bilmərik”.

Bələdiyyə: “Müstəntiq adımızdan yalan izahat yazıb”

Bələdiyyədən məhkəməyə göndərilən ərizədə bu işin istintaqını aparmış müstəntiqdən şikayət olunub. Ərizədə göstərilib ki, müstəntiq Elton Kərimov onların adından izahat yazıb və imza etdirib. İzahatda Sabir Vəliyevin bələdiyyə torpağını zəbt etdiyi və ondan şikayətçi olduqları göstərilib:

“Bu fikirlərin mənə aidiyyəti yoxdur. Xahiş edirəm, bizim adımızdan yazılmış izahat etibarsız hesab edilsin”.

Bu işə Şəki Apelyasiya Məhkəməsində baxılanda isə məlum olub ki, müstəntiq təqsirləndirilən Sabir Vəliyevin və onun vəkilinin də adından bir sıra sənədləri özü imzalayıb. Apelyasiya məhkəməsində təqsirləndirilən və vəkil iş materiallarındakı bir sıra imzaların onlara aid olmadığını deyəndə hakim ekspertiza təyin edib. Ekspert də təsdiqləyib ki, sözügedən imzaların onlara aidyyəti yoxdur.

Bütün bunları araşdırandan sonra Şəki Apelyasiya Məhkəməsi yanvarın 12-də Sabir Vəliyev haqqında bəraət hökmü çıxarıb.

“İttiham tərəfi Sabir Vəliyevin təqsirliliyini sübuta yetirə bilməyib. Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün qeyri-qanuni üsullardan istifadə etməkdən belə çəkinməyib. İttihamın təsdiqində istifadə olunan sübutlar cinayət prosessual qanunvericiliyin mötəbərlik tələblərinə cavab vermir. Sübutlar şübhəli və ziddiyyətlidir”, – bəraət hökmündə belə yazılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, müstəntiq Elton Kərimov hazırda Yevlaxda yox, başqa bir rayonda müstəntiq vəzifəsində işləməkdə davam edir.

Ana səhifəBölgəMüstəntiq vəkil və təqsirləndirilən şəxsdən xəbərsiz onların adından sənədlər imzalayıb