close

Azərbaycanla Ermənistan arasında anklav düyünü

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Emil Məmmədli

“Referendum keçirilməlidir”

Ermənistan Baş naziri Nikol Paşinyan anklav kəndlər məsələsi barədə danışaraq, ölkə ictimaiyyətini bununla bağlı öz düşüncələri ilə tanış edib.

Sosial media vasitəsilə əhalinin suallarını cavablandırarkən Nikol Paşinyan qeyd edib ki, Azərbaycanın anklav dediyi kəndlər Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29,800 min kvadrat kilometr ərazisinə daxil deyil. Bununla belə, Nikol Paşinyan əlavə edib ki, Ermənistanın Arsvaşen yaşayış məntəqəsi də Azərbaycan ərazisindədir. Onun fikrincə, bu məsələlə danışıqlar yolu ilə həll edilməlidir və gələcəkdə həmin ərazilərə gediş-gəlişin necə olacağını düşünmək lazımdır.

Nikol Paşinyan. Foto: Meydan TV

Başqa sözlə, Baş nazir bir tərəfdən Azərbaycanın gündəmə gətirdiyi 8 anklav kəndin (7-si Qazax rayonunda, 1-i Naxçıvanda) Ermənistana aidiyyatı olmadığını etiraf edib, digər tərəfdən Azərbaycan ərazisində də Ermənistana aid yaşayış məntəqəsinin mövcudluğunu qeyd edərək, ərazi mübadiləsinin mümkünlüyünə eyham vurub. Onun gələcəkdə həmin ərazilərə gediş-gəlişin necə olacağı barədə dediyi sözlər, məhz mümkün mübadiləyə işarədir.

“Məsələ sülh sazişi çərçivəsində müzakirə edilməlidir”

Məsələni Meydan TV üçün şərh edən siyasətçi Sülhəddin Əkbər hesab edir ki, bu, ərazi, torpaq məsələsi olduğundan bir nəfərin şəxsi fikri ilə deyil, xalqın və Milli Məclisin qərarı ilə həll edilməlidir:

Yəni Sülhəddin Əkbərin yanaşması ilə anklav məsələsi həll olunmaz. Anklav bizim ərazidir, amma SSRİ illərində olduğu kimi həll ediləcəksə, ora Ermənistanın olacaq, necə ki, keçmişdə Ermənistan SSR-in ərazisi olmuşdu. Vaxtında bu barədə düşünmək lazım idi, bunlar Azərbaycan SSR-i rəhbərliyinin buraxdığı səhvlərin nəticəsiydi ki, həmin ərazilər anklav vəziyyətinə düşüb”.

Onun fikrincə, görünür, Azərbaycan anklavlar məsələsində zora əl atmalı olacaq, “çünki qarşı tərəf başqa dil anlamır”. Bununla belə, siyasətçi qeyd edib ki, hərbi varianta əl atıldıqda isə Azərbaycan bir sıra problemlərlə üzləşəcək.

Azərbaycan kombinə olunan siyasət aparmalıdır, bir tərəfdən gücdən istifadəylə sülhə məcburetmə yoluna getməlidir, digər tərəfdən də aktiv siyasi-diplomatik iş aparmalıdır. Beynəlxalq birliyi inandırmalıdır ki, Ermənistan Azərbaycan ərazilərini qaytarmazsa, 44 günlük savaşda və anti-terror tədbirlərində olduğu kimi Bakı güc yoluna əl atmağa məcbur qalacaq”, – siyasətçi bildirib.

Sülhəddin Əkbər danışıqlar yoluyla anklavlar məsələsinin həll olunacağını düşünmür.

Hətta sülh müqaviləsində də Ermənistan böyük ehtimalla buna razılıq verməyəcək. Beləliklə, məsələ tərəflərin delimitasiya və demarkasiya çərçivəsində həllinə qalacaq”, – o vurğulayıb.

Sülhəddin Əkbər hesab edir ki, bu məsələ sülh sazişi çərçivəsində müzakirə edilməlidir. O qeyd edib ki, ərazi bütövlüyü dedikdə, məhz həmin ərazilər də nəzərdə tutulur.

Sülhəddin Əkbər
Foto: Meydan TV

Siyasətçinin sözlərinə görə, əgər məsələ ərazi mübadiləsi formasında həll ediləcəksə, bundan ötrü parlamentdə müzakirə edilib, referendum keçirmək lazımdır.

Eyni zamanda o ərazi mübadiləsinin əleyhinə olduğunu da deyib.

“Həmin kəndlər sırf torpaq sahəsindən, ərazidən ibarət deyil, eyni zamanda, anklavların strateji, humanitar, tarixi əhəmiyyəti və ölkənin prestij məsələsi də var. Orada böyüyən, yaşayan insanlar var, dədə-baba qəbirləri hələ də oradadır. Ona görə də anklavlara sırf torpaq kimi baxmaq, kökündən yanlışdır. Bir halda ərazi mübadiləsi müzakirə predmeti ola bilər – Zəngəzur dəhlizi Azərbaycana verilərsə. Əks halda, bu məsələ tarixi, humanitar, mənəvi-psixoloji baxımdan Azərbaycanın ziyanına olar”, – Sülhəddin Əkbər hesab edir.

“Madrid prinsiplərində anklavlardan imtina nəzərdə tutulurdu”

Konfliktoloq Arif Yunus isə bu məsələnin əhalinin təhlükəsizlik problemi ilə bağlı olduğunu qeyd edib və bildirib ki, Madrid prinsiplərində tərəflərin anklavlardan imtina məsələsi var idi.

Bizimkilərin Ermənistan daxilində, ermənilərin isə Azərbaycan daxilində yaşaması üçün ilk növbədə onların təhlükəsizliyi məsələsini həll etmək lazımdır və üstəlik, kommunikasiya. Ancaq hələ o vaxt aydın idi ki, nə bizimkilər, nə da ermənilər anklavlarda yaşamağa razı olacaqlar. Buna görə də köhnə xəritələrdə mövcud olan hər iki tərəfdəki anklavların yox olacağı, sülh müqaviləsindəki hər iki tərəfin sadəcə anklavlardan imtina edilməsini elan edəcəyi və beləliklə, məsələnin bağlanacağı qeyd olunurdu”, – o deyib.

Arif Yunus vurğulayıb ki, hələ keçən il Azərbaycan tərəfi anklav məsələsinə ciddi fikir vermirdi, amma indi İlham Əliyev gözlənilmədən anklavlar məsələsini qaldırdı.

Deməli, danışıqlarda problemlər yarandı və o, bu məsələni təzyiq faktoru kimi istifadə etmək qərarına gəldi. Lakin ermənilər geri çəkilmədilər və Nikol Paşinyan bəyan etdi ki, onların da anklavları var”, – Airf Yunus deyib.

Arif Yunus. Foto: arxiv

Konfliktoloq düşünür ki, anklav məsələsi mütləq sülh müqaviləsində öz əksini tapacaq. Amma qeyd edib ki, indi Qərb tələsir və tələb edir ki, əvvəl sülh haqqında bəyannamə (deklarasiya) olsun və orada sülhün ümumi prinsipləri göstərilsin, sonra isə böyük sülh müqaviləsi və orada əlbəttə ki, anklavlardan imtina haqqında bir bənd olsun.

Azərbaycan cəmiyyətinin buna necə reaksiya verəcəyinə gəldikdə isə Airf Yunus düşünür ki, heç kimin fikri nəzərə alınmayacaq:

Cəmiyyətimiz ümumiyyətlə nəyə reaksiya verir bu gün? Millət susur və susacaq. Lazım olsa təbliğatçılar cəmiyyətimizə izah edəcəklər ki, möhtərəm prezident cənab Əliyev növbəti dəfə böyük qələbə qazanıb və ermənilər öz anklavlarından imtina ediblər və xalqımız alqışlayacaq”, – o bildirib.

Ana səhifəSiyasətAzərbaycanla Ermənistan arasında anklav düyünü