close

Sürəyya Bəxtiyari

Sürəyya Bəxtiyari

Yadigar Sadıqlı

Sürəyyanın kraliçalığının ilk illəri İran tarixinin təlatümlü dövrünə düşdü

Misir şahzadəsi Fövziyyə Fuaddan 1948-ci ildə boşanan İran şahı Məhəmməd Rza üçün yeni arvad axtarışı dövlət məsələsinə çevrildi. Bu da təəccüblü deyildi, şahın yaşı artıq 30-a yaxınlaşırdı, amma taxt-tacın oğlan varisi hələ yox idi. Fövziyyə Fuadla nikahdan isə bir qız vardı.

Bir neçə namizəd gözdən keçiriləndən sonra seçim ekzotik gözəlliyə sahib Sürəyya İsfəndiyari-Bəxtiyarinin üzərində qaldı. Bir versiyaya görə, Sürəyyanı şahın böyük bacısı Şəms Londondakı İran səfirliyində görüb bəyənmişdi. İkinci versiyaya görə, qızın yaxın qohumu Fərrux Zəfər Bəxtiyari onun şəklini şaha göstərmişdi.

Yadigar Sadıqov
Foto: Meydan Tv

Gerçəklik iki versiyanın vəhdətindən də ibarət ola bilər: əvvəl Şəms bəyənib və şaha deyib, sonra da qohumu vasitəsilə şəkli əldə olunub. Ya da əksinə: əvvəl şəkil, sonra Şəms…

***
Şahdan 13 yaş kiçik olan Sürəyya 1932-ci ildə anadan olmuşdu. Soyu nüfuzlu Bəxtiyari tayfa birliyinin yüksək təbəqəsinə mənsub idi. Babası, Sərdar Əsəd ləqəbli İsfəndiyar xan ömrünün son 7 ilində Bəxtiyarilərin rəhbəri olub. Atası Xəlil İsfəndiyari Berlin universitetində təhsil alarkən Yeva Karl adlı alman qadınla evləndi.

Xəlil İsfəndiyari təhsilini bitirəndən sonra cütlük İrana gəlir və İsfahanda məskunlaşır. Məhz burada, evliliklərinin altıncı ilində ilk övladları Sürəyya anadan olur. Amma bir neçə aydan sonra Almaniyaya döndülər, deyilənlərə görə, İranda çiçək xəstəliyinin yayılması səbəbindən. Bir versiyaya görə isə Xəlil İranın Berlindəki səfirliyində diplomatik vəzifəyə təyin edilmişdi. Ailə 1937-ci ildə yenidən İrana qayıtdı, özü də 4 nəfər – Bican adlı oğlan doğulmuşdu.

Sürəyya İsfahandakı alman məktəbində oxumağa başladı. Amma 1941-ci ildə ölkə Britaniya və SSRİ tərəfindən işğal olundu, alman məktəbləri bağlandı. Sürəyya da üç illik fasilədən sonra təhsilini ingilis missioner məktəbində davam etdirdi. 1946-cı ildə buranı bitirəndə İkinci dünya müharibəsindən salamat çıxmış tək-tük Avropa ölkələrindən biri olan İsveçrəyə getdi və burada nəcib qızlar institutunda oxudu. Sonra ingilis dilini inkişaf etdirmək üçün Londona yollandı və buradan da şahla tanış olmaq üçün 1950-ci ilin payızında Tehrana dəvət edildi.

Xatirələrində yazır ki, o dövrə qədər ən böyük arzusu kinoaktrisa olmaq idi və Tehrana getməzdən əvvəl atası ilə şərt kəsdi: əgər şah onu və ya o, şahı bəyənməzsə, atası onun Hollivuda getməsinə razı olacaq. Amma Sürəyya şahı bəyəndi, şah isə bu qənirsiz gözələ məftun oldu. Dərhal, oktyabrın 11-də nişanlandılar və şah onun barmağına “Harry Winston” şirkətinin hazırladığı 22,37 karat brilyant daşı olan nişan üzüyü taxdı.

Toy dekabrın sonlarına təyin olunmuşdu, amma Sürəyya qarın yatalağına tutulduğundan təxirə salındı. Xəstəlik yetərincə ağır keçdi və nişanlısına həqiqətən aşiq olan Məhəmməd Rza həyəcanlı günlər yaşadı. Qız bir qədər özünə gələn kimi 1951-ci il fevralın 12-ə toy təyin olundu.

Gəlin sağalsa da, hələ zəif idi və bütün mərasimi yola verməsi üçün dava-dərman içirdildi. Kristian Diorun hazırladığı, yüzlərlə brilyant və mirvarilərlə,  marabu lələklərilə bəzədilmiş gəlin paltarının ağırlığı 20 kq idi (bəzi mənbələrdə 30 kq yazılır). Paltar çox gözəl idi, amma gözəl olduğu qədər də narahat idi. Şah həm ağırlığı, həm narahatlığı azaltmaq üçün şleyfin çoxunu qayçılamağı əmr etdi.

Üstəlik, toy günü güclü qar yağdı. Bu, yaxşı əlamət sayılırdı, amma gəlinə soyuq idi. Deyilənlərə görə, mərasimin ortasında ona yun corab geyindirməli oldular. Gəlinin zəifliyi səbəbindən cütlük mərasimin çoxunu oturaq vəziyyətdə keçirdi.

Toyun keçirildiyi Mərmər saray Niderlandan gətirilən 1,5 ton güllə bəzədilmişdi. Dünya liderləri səfirlər vasitəsilə hədiyyələrini göndərmişdilər. ABŞ prezidenti Trumen çini servis, Böyük Britaniya kralı VI Corc əntiq gümüş şamdanlar hədiyyə etdilər. Ən qrotesk hədiyyə isə sovet lideri Stalindən gəlmişdi – qara brilyantlarla işlənmiş telefon və su samuru dərisindən kürk.

***
Sürəyya ömrünün bir hissəsini İranda yaşasa da, alman anasının yaratdığı tamamilə fərqli mühitdə böyümüşdü. Özü haqqında sonralar yazırdı:
Mən tamamilə küt idim. Ölkəmin coğrafiyası, tarixi, əfsanələri, müsəlmanların dini haqqında, demək olar, heç nə bilmirdim”.

Sürəyya Bəxtiyari və İran şahı Məhəmməd Rza


Saraydakı vəziyyət haqqında isə yazırdı:
İran sarayında ən mühüm şəxs Tacülmülk [şahın anası] idi. Məğrur qadın idi. Pəhləvi sülaləsinin əsasını əri Rza xanın qoyması fikri onu bir an belə tərk etmirdi. Buna görə də bizim yanımıza gəlməyi özünə sığışdırmırdı. Mən rəsmən üstün olsam da, onu görmək üçün sarayına getməli oldum”.

Daha sonra: “Rəsmən saray qadınlarının heç bir hüququ yox idi, amma onlar öz planlarını həyata keçirmək və istəklərinə nail olmaq üçün min cür hiylədən və fənddən istifadə edirdilər. Mənə elə gəlirdi ki, qadın səltənətinə düşmüşəm, hökumətin başçısı isə Tacülmülk Pəhləvidir”.

Sürəyyanın kraliçalığının ilk illəri İran tarixinin təlatümlü dövrünə düşdü. 1951-ci ilin aprelində Milli Cəbhənin rəhbəri Məhəmməd Müsəddiq baş nazir oldu və tədricən hakimiyyəti öz əlində cəmlədi. Proses şahın devrilməsi ilə nəticələnə bilərdi, o, artıq arvadı ilə birlikdə Romaya qaçmışdı. Amma ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Müsəddiqi devirə bildi.

Sürəyya öz xatirələrində yazır ki, İtaliyanı bəyənməyən şah 1953-cu il avqustun 19-da ABŞ-a köçmək haqqında danışarkən Müsəddiqin devrilməsi haqqında teleqram aldı və sevincindən çığırdı.

Amma bu tacdar cütlüyə xoşbəxtlik gətirmədi. Siyasi problem ortadan qalxdıqdan sonra şəxsi problem qabardı: Sürəyyanın övladı olmurdu. Şahın doğma qardaşı Əli Rzanın 1954-cü il oktyabrın 17-də Elburs dağı üzərində baş verən aviaqəzada həlak olması vəliəhd məsələsinə daha da aktuallaşdırdı.


İslam inqilabı nəticəsində devrilən şahın qan xərçəngindən Panamada ölmək üzrə olduğunu biləndə məktub yazıb görüşmək istədiyini bildirdi. Şah da görüşmək istəyirdi, amma şahbanu Fərəhin müqaviməti üzündən görüş baş tutmadı. Şah artıq Misirdə olanda görüş baş tuta bilərdi, amma Sürəyya Qahirəyə gedənə qədər şah öldü.


Doğrudur, şahın daha beş qardaşı vardı, amma onlar yalnız atabir qardaş idilər. Biri Turan Əmirsüleymaninin, dördü isə İsmət Dövlətşahinin oğlu idi. Hər iki qadın Qacar xanədanından idi. Buna görə də onların övladları vəliəhd sayıla bilməzdilər. 1925-ci ildə Qacar sülaləsini devirən Rza şah hər ehtimala qarşı konstitusiyaya belə bir bənd əlavə etmişdi.

Cütlük 1954-cü ilin sonunda ABŞ-a gedərək müayinə olundu, Nyu Yorkda ümidverici diaqnoz alan Sürəyyaya Bostonda amansız cavab verildi: o, sonsuzdur və heç zaman uşağı olmayacaq. Sürəyya İsveçrə və Fransada müalicə olundu. Tanınmış həkimlər Tehrana gəlib imperatriçəni müayinə və müalicə etdilər, amma faydası olmadı.

Əlbəttə, İran ABŞ deyildi və monarx istədiyi zaman konstitusiyanı dəyişə bilərdi. Bəlkə şah Britaniya kralı VIII Eduard kimi sevgisi naminə taxt-tacdan imtina haqqında da düşünərdi. Amma hər iki ssenariyə mane olacaq bir fiqur vardı: Tacülmülk. Bu bakılı qız bir zaman ərini uduzduğu qadınlardan hansınasa indi “şah anası” titulunu da uduzmaq fikrində deyildi. Buna görə də məhz Məhəmməd Rzadan övlad gözləyirdi. Şahın yaşı isə 40-a yaxınlaşırdı.

İrana vəliəhd bəxş etmək üçün ikinci arvad almaq barədə şahın təklifi isə Avropada böyümüş Sürəyya üçün qəbuledilməz idi. Yeganə çarə kimi cütlüyün boşanması və şahın yenidən evlənməsi qaldı. Amma şah bu addımı heç cür ata bilmirdi. Ərinin halını anlayan Sürəyya özü ilk addımı atdı – 1958-ci ilin fevralında Almaniyaya, valideynlərinin yanına getdi və qayıtmadı.

Şah Sürəyyanın əmisini Almaniyaya göndərdi, özü onunla telefonla danışaraq ikinci arvad almağa razılıq verməyə çalışdı, amma alınmadı. Nəhayət,  Novruz bayramı günlərində cütlüyün boşandığı elan edildi.

Şah Sürəyyaya diplomatik pasport və şahzadə titulu verdi. O, statusuna görə şahın bacılarına, qızına bərabər sayılırdı. Ona Parisdə penthaus və bir sıra zinət əşyaları, avtomobillər bağışladı, ayda 7 min dollar təqaüd kəsildi. O zaman böyük məbləğ olan bu vəsait İslam inqilabına qədər ödəndi.

Boşanma xəbəri bütün dünyada rezonans doğurdu. Fransa müğənnisi Fransuaza Malle-Joris “Je Veux pleurer Comme Soraya” (Mən Sürəyya kimi ağlamaq istəyirəm) mahnısını yazdı. Müğənni kasıbların kədərinin də kiçik olduğunu, Sürəyya kimi böyük kədər yaşayıb ağlamaq istədiyini deyirdi. O zaman yetərincə populyar olan mahnını “Youtube”da tapıb dinləmək mümkündür.

Sürəyya daha heç vaxt İranda olmadı. Hərçənd, bu ölkəni çox sevdiyini söyləmək də olmazdı. Tarixçi Abbas Milani deyir ki, şahzadənin xatirələrində İranla bağlı qeydləri irqçiliyə yaxın idi.

***
Boşanandan sonra Sürəyya Almaniyada, Fransada, İtaliyada, İspaniyada yaşadı. Bir müddət ağır idi, amma yavaş-yavaş həyatını yenidən başladı. Axı boşanarkən heç 26 yaşı olmamışdı. Bir qədər sonra o, məşhur Avstriya aktyoru, “Nürnberq prosesi” filmində oynadığı rola görə 1962-ci ildə “Oskar” mükafatına layiq görülən Maksimilian Şell ilə üç il sürən münasibət yaşadı. Varlı sahibkarın oğlu, fotoqraf Gunter Zaksla romanı daha qısa sürdü. Daha yaddaqalan macərası isə italiyalı rejissor və ssenarist Franko İndovina ilə yaşandı.

Onlar 1964-cü ildə “Üç sima” adlı filmin çəkilişləri zamanı tanış oldular. Sürəyya şahla evlənməzdən əvvəl arzusunda olduğu aktrisalığa başlamaq niyyətində idi. “Üç sima” məhz onun üçün çəkilirdi. Film üç müstəqil əhvalatdan ibarət idi və hər üçündə Sürəyya baş rol ifa edirdi. Onlardan birində özünü oynayırdı. İndovina isə “Latın məşuq” adlı üçüncü hissənin rejissoru idi.

Onlar tanış olanda İndovina artıq evli idi, amma bu, onlara sevgili olmağa mane olmadı. Münasibətlər 8 il, İndovinanın 1972-ci ildə aviaqəzada həlak olmasına qədər davam etdi.

Aktyorluq karyerası isə uğurlu olmadı. Tənqidçilərdən biri “Üç sima”nı “Sürəyyaya karyera qurmaq üçün uğursuz cəhd” kimi qiymətləndirdi.

***
İndovinanın faciəli ölümündən sonra Sürəyya depressiyaya yuvarlandı və ömrününün sonuna qədər çıxmadı. O, əsasən Parisdə yaşayır, kübar məclislərinin ən arzulanan qonağı olur, ilk baxışda deyib-gülüb əylənirdi. Amma gözləri həmişə kədərli idi və jurnalistlər ona “gözləri kədərli şahzadə” adı verdilər.

İslam inqilabı nəticəsində devrilən şahın qan xərçəngindən Panamada ölmək üzrə olduğunu biləndə məktub yazıb görüşmək istədiyini bildirdi. Şah da görüşmək istəyirdi, amma şahbanu Fərəhin müqaviməti üzündən görüş baş tutmadı. Şah artıq Misirdə olanda görüş baş tuta bilərdi, amma Sürəyya Qahirəyə gedənə qədər şah öldü.

Çox bağlı olduğu atası Xəlil İsfəndiyarinin 1983-cü ildə vəfat etməsi şahzadəyə daha bir zərbə oldu. Sürəyya 1991-ci ildə “Tənhalığın sarayı” adlı memuralarını çap etdi. 1994-cü ildə isə anası Yeva Karl da vəfat etdi.

***
Ömrünün son illərini əsasən Parisdə yaşayan şahzadə Sürəyya İsfəndiyari-Bəxtiyari 2001-ci oktyabrın 26-da qəflətən vəfat etdi – ehtimal olunur ki, ürək tutmasından. Həmin gün Məhəmməd Rza şahın doğum günü idi. “Daha danışacağım kimsə qalmadı” deyən qardaşı Bican bir həftə sonra öldü. Onların hər ikisi Münhendə valideynlərinin yanında dəfn olundular. Sürəyyanın dəfnində keçmiş baldızı Əşrəf, keçmiş qaynı Qulam Rza və Avropanın bir sıra əsilzadələri iştirak etdilər. Sürəyya ilə həyatda heç zaman görüşməyən Fərəh dəfnində də iştirak etmədi.

Şahzadə zinət əşyalarının hərracda satılmasını vəsiyyət etmişdi. Əldə olunan məbləğ Fransa Qırmızı xaç təşkilatına, əlil uşaqlara hamilik edən fransız təşkilatına və Paris sahibsiz itlərin müdafiəsi cəmiyyətinə çatmalı idi. Hərracda 8,3 milyon avro əldə edildi. Kristian Diordan olan toy paltarı 1,2 milyon avroya, məşhur nişan üzüyü isə 803 min avroya satıldı. Hər ikisinin alıcısı anonim qaldı.

Fərəh Diba İrana vəliəhd versə də, o, İslam inqilabı üzündən heç vaxt İran taxtına çıxmadı.

Ana səhifəMənim FikrimcəSürəyya Bəxtiyari