close

Azərbaycanla Ermənistan sülh sazişinin yekunlaşdırılması üçün razılığa gəliblər

Foto: XİN

Tərəflərin Vaşinqtondakı görüşü yekunlaşıb

İyulun 10-da Vaşinqtonda ABŞ-nin Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan üçtərəfli görüş yekunlaşıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıq bildiriblər.

Görüş NATO75 Sammiti çərçivəsində baş tutub.

Blinken görüşü açarkən deyib ki, Azərbaycan və Ermənistan yekun razılığa gəlməyə çox yaxındır.

Turanın Vaşinqton müxbiri xəbər verir ki, Blinken, “qalıcı, şərəfli və fövqəladə bir fürsət” adlandırdığı yekun razılaşmanın əldə edilməsinin hər iki ölkə, region və onların ABŞ ilə əlaqələri üçün vacibliyini vurğulayıb.

“Bu proses boyu Birləşmiş Ştatlar Avropa İttifaqı və Avropadakı bir çox həmkarları ilə birlikdə yardım və dəstəyini əsirgəməyib. Bu gün bizim əldə edilmiş irəliləyişləri qiymətləndirmək imkanımız var”.

“İnanıram ki, hər iki ölkə ABŞ-nin güclü şəkildə dəstəkləyəcəyi yekun razılaşma əldə etməyə çox yaxındır”, – o əlavə edib.

“Beləliklə, mən bu gün harada olduğumuzu bir daha qiymətləndirmək və ABŞ-nin razılığa gəlməyinizə kömək etmək üçün daha nələr edə biləcəyini görmək fürsətinə görə minnətdarlığımı bildirirəm”, – diplomat dedi.

Azərbaycan 1994-cü ildən NATO ilə əməkdaşlıq edir. Bu əlaqələrin əsasını hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilir. Bu danışıqlarda həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ana səhifəXəbərlərAzərbaycanla Ermənistan sülh sazişinin yekunlaşdırılması üçün razılığa gəliblər