close

İvanişvili siyasi rəqiblərini hədələyib

İvanişvili. Foto: Reuters

“Seçkilərdən sonra hakimiyyətdə olarkən törətdikləri cinayətlərə görə cavab verəcəklər”

“Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili partiyanın yeni qərargahının açılışı və seçki kampaniyasının başladığını elan edən mərasimdə müxalifəti hüquqi sanksiyalarla hədələyib.

“Ölkənin davamlı inkişafını təmin etmək üçün Kollektiv Milli Hərəkatın gürcü xalqı və qanunları qarşısında tam cavabdeh olması vacibdir”, – “Gürcü Arzusu”nun milyarder təsisçisi deyib.

“OC Media” yazır ki, o, nadir hallarda ictimaiyyət qarşısında çıxış edir.

Partiya keçmiş hakim Vahid Milli Hərəkat Partiyası ilə ölkədəki digər qərbyönlü müxalifət partiyalarını birləşdirmək üçün “Kollektiv Milli Hərəkat” terminindən istifadə edib.

İvanişvili çıxışı zamanı öz müxalifət partiyalarını yaratmağa davam edən BMT-nin keçmiş rəsmiləri Nika Qvaramiya və Qiqa Bokeriyanı “Kollektiv Milli Hərəkatın bir hissəsi” adlandırıb.

O, həmçinin hərəkatla heç bir əlaqəsi olmayan bir neçə siyasi rəqibinin adını da çəkib. Bunlara Lelo Partiyasının lideri Mamuka Xazaradze, “Gürcü Arzusu”nun dəstəyi ilə seçilən Gürcüstan Prezidenti Salome Zurabişvili və “Gürcü Arzusu”nun keçmiş Baş naziri, hazırda müxalifətdə olan “Gürcüstan Naminə” Partiyasına rəhbərlik edən Giorgi Qaxariya daxildir.

“Seçkilərdən sonra Kollektiv Milli Hərəkat hakimiyyətdə olarkən törətdikləri bütün cinayətlərə, xüsusən də 2008-ci ildə [Gürcüstan-Rusiya müharibəsi] sifarişini yerinə yetirmələrinə və ölkəni müharibəyə cəlb etmələrinə görə cavab verməli olacaqlar ki, bu da bizə baha başa gəlir”, – İvanişvili hədələyib.

İvanişvili və başqaları çıxışları zamanı dəfələrlə müxalifət liderlərini “vətənsiz” adlandıraraq, onların xarici güclərə xidmət etdiklərini iddia ediblər.

İvanişvili bundan əvvəl də oxşar təhdidlə çıxış edib. Aprelin 29-da o, oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yenidən seçilmiş hökumətin “Kollektiv Milli Hərəkata ciddi siyasi və hüquqi hökm çıxara biləcəyini” söyləyib.

İvanişvilinin müxalifəti boğmaqla hədələməsi çərşənbə axşamı keçirilən tədbirdə “Gürcü Arzusu”nun sədri və keçmiş Baş nazir İrakli Qaribaşvili tərəfindən təkrarlanıb:

“Bu gün süni şəkildə parçalanmış Kollektiv Milli Hərəkat – müharibə və xaos partiyası yenidən hakimiyyətə qayıdacağını iddia edir. İndiki vaxtda nəinki hakimiyyətə qayıtmaq, hətta siyasətdə qalmaq üçün belə pisliyin qarşısını almalıyıq”.

“Bu gün müharibə və sülh, müharibə tərəfi ilə sülh tərəfi, milli maraqları güdən inkişafyönümlü siyasi qüvvə ilə xarici ölkələrin maraqlarını güdən müharibə və xaosun şər qüvvəsi arasında seçim ediləcək”, – Qaribaşvili bildirib.

Çərşənbə axşamı günü keçirilən tədbirdə Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, parlament çoxluğunun lideri Mamuka Mdinaradze, parlament sədri Şalva Papuaşvili, Baş nazir İrakli Kobaxidze də daxil olmaqla, hakim partiyanın digər aparıcı üzvləri səhnəyə çıxıb.

Tədbirdə müğənnilər, aktyorlar və idmançılar da daxil olmaqla onlarla məşhur sima da iştirak edib.

Partiya liderləri müxalifəti tənqid və təhdid etməklə yanaşı, Ukraynadakı müharibə, Gürcüstanın ABŞ və Aİ, Çin ilə münasibətləri və “Gürcü Arzusu” tərəfindən uydurulmuş “Qlobal Müharibə Partiyası” haqqında da danışıblar.

Partiya seçki kampaniyasına “Avropaya yalnız sülh, ləyaqət və firavanlıq” şüarı altında başladıqlarını açıqlayıb.

Baş nazir İrakli Kobaxidze bildirib ki, partiyanın yaradılmasından 12 il sonra “Gürcü Arzusu”nun öz müasir ofisi olacaq:

“Bu, ən azı daha 12 il heç bir seçkini uduzmayacağımıza əmin bir işarədir”.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib, rəsmi təşviqat dövrü avqustun 28-də başlayır.

Hakim partiya rəsmilərinin çıxışları bütün müxalifət düşərgəsi tərəfindən geniş şəkildə qınaqla qarşılanıb.

Giorgi Qaxariyanın “Gürcüstan naminə” Partiyasının üzvü Mixail Dauşvili deyib ki, tədbir “vətəndaşları müharibə ilə qorxutmaq üçün əbəs cəhddir”.

“Strategiya Aqmaşenebeli” Partiyasından olan deputat Paata Manjqaladze tədbiri və yüksək vəzifəli şəxslərin çıxışlarını “Gürcü Arzusu”nun “cənazəsi” adlandırıb və əlavə edib ki, İvanişvilinin şərhləri “gərginlik və mübahisə” yaratmaq məqsədi daşıyır.

Tədbir zamanı partiya liderləri Qərbi tənqid etmək və onun “Qlobal Müharibə Partiyası“nın nəzarəti altında olduğunu israr etməklə yanaşı, Gürcüstanın Qərb ölkələri ilə yaxşı münasibətləri saxladığını və Aİ-yə daxil olmaq yolunda israr etdiyini vurğulayıblar.

İvanişvili deyib ki, “Qlobal Müharibə Partiyası” bugünkü ABŞ və Avropa bürokratiyasına əhəmiyyətli təsir göstərir.

Onun sözlərinə görə, bu, Gürcüstan ictimaiyyətində Gürcüstanın ABŞ və Aİ ilə ziddiyyət təşkil etdiyi qənaətinə səbəb olub.

“Ancaq Ukraynada müharibə bitdikdən sonra maraqlar dəyişəcək və bu təsəvvür dərhal yox olacaq”, – deyən İvanişvili müharibənin bir ildən sonra bitəcəyini və “ABŞ və Avropa ilə bütün anlaşılmazlıqların dərhal keçmişdə qalacağını” söyləyib.

O, “Qlobal Müharibə Partiyasına”, xarici agentliyə, radikalizmə, qütbləşməyə birdəfəlik son qoymaq üçün partiyanın bu seçkilərdə səs çoxluğuna, bərabər möhkəm qələbəyə ehtiyacı olduğunu bildirib.

Tədbirdə çıxış edən Kobaxidze partiyanın Qərbin Gürcüstan hökumətini devirmək cəhdlərini dəstəkləməsi ilə bağlı təkliflərini təkrarlayıb.

“2021-ci ildə ölkədə ilk inqilab cəhdi oldu. Ukraynada müharibənin başlaması ilə ölkəyə misli görünməmiş təzyiqlər başlayıb və bu, 2022-ci ilin iyununda ikinci inqilab cəhdinə gətirib çıxarıb”, – deyə o bildirib.

“Qlobal Müharibə Partiyasının səyləri nəticəsində Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusundan tamamilə haqsız olaraq məhrum edildi və beləliklə, ölkə ilyarım süni şəkildə yaradılmış qondarma qütbləşmə rejimində yaşadı“.

Kobaxidze əlavə edib ki, buna baxmayaraq, “hökumət sülhü qoruyub, iqtisadiyyatın görünməmiş sürətli artımını təmin edib və Aİ üzvlüyünə namizəd statusu alıb”.

Tədbir zamanı partiyanın parlament lideri Mamuka Mdinaradze bəyan edib ki, “Gürcü Arzusu” və onun qolu olan “Xalq Gücü” seçkilər zamanı bir partiyanın tabeliyində iştirak edəcək.

“Xalq Gücü“ndən olan deputatlar Qərbi tənqid etməkdə daha azad olmaq üçün 2022-ci ildə “Gürcü Arzusu”ndan ayrılıblar. Onlar o vaxtdan parlament çoxluğunun bir hissəsi kimi oturublar, bir çox təşəbbüsləri və danışıqları sonradan hakim partiya tərəfindən rəsmi şəkildə müzakirə edilib.

İvanişvili həmçinin çıxışının bir hissəsini “Gürcüstana xüsusi dəstək” göstərdiyinə görə Çin hakimiyyətinə təşəkkür etməyə həsr edib. O, Çinlə əməkdaşlığın dərinləşdirilməsinin ABŞ və ya Aİ ilə əməkdaşlığa alternativ olmadığını, əksinə tamamlayıcı olduğunu bildirib.

“OC Media” yazır ki, Gürcüstan rəsmilərinin son illərdə ABŞ və Aİ-yə qarşı düşmənçiliyi artdıqca, ölkə Çinlə daha sıx siyasi və iqtisadi əlaqələrə can atıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərİvanişvili siyasi rəqiblərini hədələyib