close

Ötən il 8631 tələbə universitetdən xaric edilib

Tələbələr. Foto: Azərtac

Təhsil haqqının ödənilməməsinə görə xaric olunan tələbələrin hansı universitetlərdə oxuduqları açıqlanmır

2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric olunub. Bu məlumat “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Meydan TV Elm və Təhsil Nazirliyinə təhsil haqqının ödənilməməsinə görə xaric olunan tələbələrin hansı universitetlərdə oxuduqlarına dair sorğu göndərsə də, cavablandırılmayıb.
Azərbaycanda universitetlərdə təhsil almaq istəyən və hazırda təhsilini davam etdirən gənclər, o cümlədən valideynlər təhsil haqlarının yüksək olmasından narazıdırlar.

Bəzilərinə görə, ölkədaxili təhsilə bu qədər vəsait sərf etməkdənsə, xarici ölkədə oxumaq daha məntiqə uyğundur.

Azərbaycanda dövlət universitetlərində illik təhsil haqqı 2000-6500 manat arasında dəyişir.
Özəl universitetlərdə də isə qiymətlər 4000-5000 manat civarındadır.

Bölgələrdə yerləşən universitetlərdə isə qiymət nisbətən aşağıdır – 1200-1700 manatdır.

Təhsil ekspertləri bildirirlər ki, son doqquz ildə Azərbaycanda 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub.

Onların sözlərinə görə, adı dünya universitetləri siyahısına düşməyən Azərbaycan ali təhsil müəssisələrində əhalinin imkanlarına uyğun gəlməməklə yanaşı, təhsilin keyfiyyəti də çox aşağıdır.

Təhsil eksperti Elçin Əfəndi Meydan TV-yə deyir ki, illik təhsil haqqı qiymətlərini müəyyənləşdirərkən əhalinin gəlirlərini, maddi imkanlarını da nəzərə almaq lazımdır:

“Mövcud vəziyyəti dəyərləndirəndə, əhalinin gəlirlərini, maddi imkanını nəzərə alanda bəzi universitetlərin təhsil haqlarının çox yüksək olduğu qənaətinə gəlmək olar. Dövlət Tibb Universitetini nümunə göstərmək olar. İllik təhsil haqqı çox yüksəkdir. Yaxud da Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə təhsil haqqı çox yüksəkdir. Özəl universitetlərdə isə qiymətlər daha yüksəkdir. Vətəndaşların təhsilə əlçatanlığını təmin etmək üçün təhsilin qiyməti də aşağı olmalıdır. Düşünürəm ki, maksimum hədd 2000 manat nəzərdə tutulmalıdır. Azərbaycanda əllidən çox ali təhsil müəssisəsi var. Onların demək olar ki, 50 faizindən çoxunda illik təhsil haqqı daha yüksəkdir”.

Təhsil ekspert Elçin Əfəndi

Ekspert əlavə edir ki, universitetlər aldıqları yüksək ödəniş müqabilində də təhsilin keyfiyyətini artırmalıdırlar:

Hər hansı bir tələbə təhsil haqqı ödəyirsə, burada təhsilin keyfiyyətinin göstəricisi mütləq yüksək olmalıdır. Tələbənin orada mütləq yaxşı yataqxanası, laboratoriyası olmalıdır. Həmçinin tələbəyə ideal imkanlar yaradılmalı, onun üçün nəzərdə tutulan resurslar qaydasında olmalıdır. Təhsil haqqını yüksək qoyub, tələbəni bütün bunlardan məhrum etməklə, biz nələrəsə nail ola bilmərik. Bunu da ali təhsil rəhbərləri düşünməlidir. Müvafiq resursları tələbələr üçün əlçatan etməlidirlər”.

Ekspertin sözlərinə görə, son bir ildə bəzi universitetlərdə təhsil haqları 300-500 manat artıb.

Bu il üçün isə qiymət artımının hansı universitetlərdə olacağı hələ ki, məlum deyil. Artımlar “Abituriyent 4” saylı jurnalında dərc olunacaq”, – Elçin Əfəndi deyib.

Ana səhifəSosialÖtən il 8631 tələbə universitetdən xaric edilib