close

Bakıda oteldə iki nəfər ölüb

Hotel, şərti şəkil, Foto: arxiv

Daha iki nəfər koma vəziyyətində xəstəxanaya çatdırılıb

Bakıdakı otellərdən birində iki nəfər ölüb, daha ikisi isə koma vəziyyətində xəstəxanaya çatdırılıb. Hadisə mayın 5-dən 6-na keçən gecə saat 4 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “My Music Hotel Baku”da baş verib.

Gecə saatlarında otelə Təcili Tibbi Yardım çağırılıb. Təcili yardım briqadası gələnə qədər iki nəfər – 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirov ölüb.

Digər iki nəfər – 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlı isə koma vəziyyətində Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onların Toksikologiya şöbəsinə yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları da məlumatı təsdiqləyib. Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb. Prokurorluğun məlumatında iki nəfərin ölümü, daha ikisinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi təsdiqlənməklə yanaşı, həm də hadisə ilə bağlı araşdırmalar başlandığı vurğulanıb.

Araşdırmalar Səbail Rayon Prokurorluğunda aparılır.

“Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Habelə digər zəruri prosessual hərəkətlər icra olunub”, – Baş Prokurorluqdan bildirilib.

Ana səhifəSosialBakıda oteldə iki nəfər ölüb