close

Bakıdakı hərbi hissələrdən birində 4 ildə 4 milyon yeyinti olub

Foto: Müdafiə Nazirliyi

Vəzifə və xüsusi rütbələr üçün ayrılan pulların mənimsənildiyi də ortaya çıxıb

Müdafiə Nazirliyi və ona tabe qurumlarda ümumilikdə 143 milyon manatlıq mənimsəmə ilə əlaqədar həbs olunanların işi üzrə ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi gedir. Bu məhkəmələrdən biri də Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə idarəsinin rəisi olmuş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinə rəhbərlik etmiş kapitan Vüsal Əlizadənin işi ilə bağlıdır.

Bu məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə iyulun 19-da keçirilən məhkəmə prosesində cinayət işinin materiallarında olan bir çox sənəd elan olunub.

Sənədlərdən məlum olub ki, Bakıda yerləşən hərbi hissələrdən təkcə birindən 4 il ərzində 4 milyon manatlıq yeyinti aşkarlanıb. Söhbət 2018-ci ildən 2022-ci ilə qədər o dövrdə yol verilən yeyintilərdən gedir.

Araşdırmalar zamanı bir neçə başqa hərbi hissədə də vəzifə və xüsusi rütbələr üçün ayrılan pulların mənimsənildiyi ortaya çıxıb.

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Təqsirləndirilən general Məmmədovun vəkili Rəşad Mirmehdizadə müvəkkilinin səhhətində ciddi problemlər olduğunu bildirib. Vəkil deyib ki, generalın xəstəlikləri ilə bağlı bəzi sənədlər iş materiallarında olsa da, bir qismi yoxdur. Müdafiəçi həmin sənədləri də məhkəməyə təqdim edərək, onların əlavə olunmasını istəyib.

Hakim Fikrət Əliyev bildirib ki, sənədlərin tədqiqi mərhələsi yekunlaşandan sonra Nizami Məmmədovun sağlamlıq problemlərilə bağlı sənədlər təqdim oluna bilər və məhkəmə də onları işə əlavə edəcək.

Təqsirləndirilən polkovnik Cəlal Kazımovun vəkili Əli Adıgözəlov isə vəsatət qaldırıb ki, istintaq zamanı müvəkkili ilə üzləşdirilmiş, sonradan məhkəmədə də dindirilmiş bəzi şahidlərin məhz üzləşmədəki ifadələri sübut kimi qəbul olunsun. Vəkilin sözlərinə görə, eyni şəxslər üzləşmə və məhkəmədə dindirmə zamanı fərqli rəqəmlər səsləndiriblər. Hətta vəkil təklif edib ki, bu ziddiyyətlərlə əlaqədar sözügedən şahidlər yenidən dindirilsin. Lakin onların yenidən dindirilməsi məsələsinə hakimlər razılıq verməyib.

1993-2020-ci illərdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov üçün 21 min manata armudu stəkan, 8 min manatlıq şərab alınması məsələsi də general Nizami Məmmədov və daha 3 nəfərin işi üzrə ötən məhkəmə iclasında sənədlərin elanı zamanı ortaya çıxmışdı.

General və digərlərinin məhkəməsi avqustun 16-da davam edəcək.

Bu cinayət işi üzrə əsas ittihamlardan biri budur ki, qiymətlər sənəd üzərində artıq göstərilib və tenderdə qalib elan edilən şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. İttihama əsasən, şirkətlərin ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib.

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin əvvəlində başlayıb. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də hazırda Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir.

Ana səhifəSiyasətBakıdakı hərbi hissələrdən birində 4 ildə 4 milyon yeyinti olub