close

Deputatların mandat almaq istəyən ailə üzvləri

Milli Məclis. Foto: Azərtac

Xalid Bağırov: “Özlərini birinci şəxsə bənzətməyə çalışırlar, ya mesaj verirlər ki, sənə olar, bizə olmaz?”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlər siyahısında bir neçə nəfər var ki, onların ataları əvvəllər deputat vəzifəsini icra ediblər. İndi də övladları atalarının seçildiyi dairədən deputat olmaq arzusundadırlar.

Onlardan biri 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizədliyi irəli sürülən Süleymanlı Mahir Tahir oğludur. O, YAP Səbail Rayon Təşkilatı Gənclər Birliyinin İdarə heyətinin üzvü və Milli Məclisin əməkdaşıdır. O, həmçinin sabiq deputat Tahir Süleymanovun oğludur. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.

20 saylı Nərimanov ikinci seçki dairəsindən isə Vəliyev Samir Əhməd oğlu namizəd göstərilib. O, YAP Nərimanov rayon təşkilatının sədridir. Həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviridir. Samir Vəliyev “Odlar Yurdu” Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin deputatı olmuş Əhməd Vəliyevin oğludur.

YAP-ın siyahısında daha bir sürpriz ad var – Maniyeva Aygün Şaitdin qızı. Onun namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülüb.

Aygün Maniyeva keçmiş deputat Şaitdin Əliyevin qızıdır. O, Şüvəlan qəsəbəsində yerləşən, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin psixoloqu kimi çalışır. Şaitdin Əliyev elə qızının namizədliyini irəli sürdüyü dairədən birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub.

Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. Ş.Əliyev MSK-ya parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi üzv seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir. Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə YAP üzvüdür.

Foto: Fəzail Ağamalının “İnstagram” səhifəsi

Bundan başqa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib və qərara gəlib ki, onun əvəzinə qızı Günay Ağamalı namizədliyini atasının seçildiyi dairədən irəli sürsün.

Belə ki, Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub və namizədliyi artıq təsdiqlənib.

Günay Ağamalı “BUTA” Xüsusi Qayğı İctimai Birliyinin sədri və Ana Vətən Partiyasının sədr müavinidir. Bundan başqa, “Buta” körpələr-evi uşaq bağçalarına rəhbərlik edir. Hazırda bağçanın Gənclik korpusu, Bakıxanov, Neftçilər, Yasamal və s. filialları var.

Həyat yoldaşının dairəsindən deputat olmaq istəyir

Həmçinin Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı da 70 saylı (əvvəl 61 saylı idi) Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb.

Foto: Sabir Rüstəmxanlının “İnstagram” səhifəsi

Tənzilə Rüstəmxanlının həyat yoldaşı, xalq şairi, deputat Sabir Rüstəmxanlı 6-cı çağırış Milli Məclis seçkilərində 61 saylı (hazırda 70 saylıdır) Neftçala seçki dairəsindən deputat seçilmişdi.

Əsas sual:

Mərkəzi Seçki Komissiyasının sədr müavini işləmiş, hazırda isə üzv olan şəxsin qızının seçkidə iştirak etməsi qanunidirmi? Və yaxud bir zamanlar deputat olan şəxsin övladlarını da deputat etmək istəməsi qanunla necə tənzimlənir?

Hüquqşünasın dediyinə görə…

Hüquqşünas Xalid Bağırov bildirir ki, əslində burada nə siyasi etika baxımından, nə də hüquqi baxımdan problem yoxdur:

“Burada bizim siyasi sistemin oyun qaydaları problemi var. Yəni eşidiblər ki, aha, vəssalam, artıq qocaları parlamentdə görmək istəmirlər, hakimiyyət yeni cildə girmək, gəncləşmək istəyir. Bunlar da deyirlər ki, əgər biz yaşlıyıqsa, gedə bilmiriksə, o zaman bu kreslonu davam etdirmək üçün uşaqlarımız gəlsin”.

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov, foto: Meydan TV

Bilmirəm onlar başa düşürlər, ya düşmürlər, bu oyun qaydası bir nəfərin ailəsində mümkündür. Özlərini birinci şəxsə bənzətməyə çalışırlar, ya mesaj verirlər ki, sənə olar, bizə olmaz? Yadımdadır ki, ötən seçkidə Xanhüseyn Kazımlı İlham Əliyevə məktub ünvanlamışdı ki, mən qocalmışam, əldən düşmüşəm, icazə verin qızımın namizədliyini deputat seçildiyim dairədən verim”, – hüquqşünas deyir.

Xalid Bağırov ingilis politoloq Mark Qaleottidən misal gətirib:

O, avtoritar rejimlərdə hakimiyyət ötürülməsini araşdıran yazardır. Onun bir kitabı var, “The Vory”, artikl ingiliscədir, “vor” isə ruscadır, oğrular deməkdir. Rusiyadakı avtoritar rejimdəki mafia sistemindən bəhs edir. Orada qeyd edir ki, “bütün avtoritar rejimlərin bir məqsədi var, necə özümün qazandıqlarımı uşaqlarıma ötürüm”. Bizim rejimdəkilərin də bütün məqsədi budur. Bu dərd İlham Əliyevdən tutmuş, Fəzaili də, Xanhüseyn Kazımlını da düşündürür. Zaman keçdikcə yaş keçir və hər kəs qazandıqlarını ailəsinə ötürməyi planlayır və bacardıqca icra edir”.

Azərbaycan qanunvericiliyinə görə isə…

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, vəzifəli şəxsin öz ailə üzvünü, qohumunu və ya yaxın dostunu işə götürməsi, vəzifədə irəli çəkməsi maraqlar toqquşmasının bir növüdür.

Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi. Foto: Meydan TV

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Azərbaycanda Milli Məclisdə deputat kimi fəaliyyət göstərmək istəyi seçki ilə müəyyən olunan bir sistem olsa da, xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar, siyasi hesabatlar ölkədəki seçkilərin ədalətli və şəffaf keçirilmədiyini bildirir, seçkilərin saxtalaşdırıldığını dilə gətirirlər.

Parlament seçkilərə hazırlaşır

Bu il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.

Parlament seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL, AĞ və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətDeputatların mandat almaq istəyən ailə üzvləri