close

Qəza, yoxsa qətl: prokurorluq avtomobilin qəsdən dərəyə aşırıldığını açıqlayıb

Baş Prokurorluq. Foto: Meydan TV

Hazırda xəstəxanada olan Mustafa Nəcəfov təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib

İyulun 3-də Bakıda Yasamal rayonu, Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan bir nəfər qadın – 1982-ci il təvəllüdlü Günay Əkbərova ölmüş, 34 yaşlı sürücü Mustafa Nəcəfov isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilmişdi. İki həftədən çox davam edən araşdırmalar nəticəsində prokurorluq baş vermiş hadisənin qəza olmadığı qənaətinə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən hadisə ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması və nəticədə sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluqdan bildirilib.

Mustafa Nəcəfov artıq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Hazırda xəstəxanada olan Mustafa Nəcəfovun müalicəsini davam etdirdiyi nəzərə alınaraq, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən sürücünün baş vermiş hadisə ilə bağlı fikri məlum deyil.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Ana səhifəSosialQəza, yoxsa qətl: prokurorluq avtomobilin qəsdən dərəyə aşırıldığını açıqlayıb