close

“Qızımın ölümüylə bağlı iş bağlanmayıb, bu adamı prokurorluqda yeni vəzifəyə göndəriblər”

Natiq Aslanov. Foto: Meydan. TV

Natiq Aslanov: “Baş prokurorun qəbuluna düşə bilmirəm, bu işin arxasında kimlər durur, bilinmir”

Goranboy rayonunun Düzqışlaq kənd sakini Natiq Aslanov gileylənir ki, qızının ölümündən yarım ildən çox vaxt keçməsinə baxmayaraq, bu hadisədə məsuliyyəti olanların heç biri cəzalandırılmayıb. Onun sözlərinə görə, əksinə, bu hadisədə birbaşa rolu olan müstəntiqə yeni vəzifə verilib.

“Əgər heç kimi cəzalandırmaq fikriniz yoxdursa, qərarı verin…”

Natiq Aslanov 2023-cü il iyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunun binasından düşən 32 yaşlı Turalə Aslanovanın atasıdır. Bu hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb və araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Mənə ancaq onu deyirlər ki, “istintaq gedir”. Ortada isə heç bir nəticə yoxdur. Halbuki, qızımın ölümünə səbəb olanları cəzalandırmaq istəsələr, heç dərin araşdırmaya ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır. Yaşlı adamam, neçə dəfə bu işə görə Bakıya gedib-gəlmişəm. Tural müəllimə (Baş Prokurorluğun İstintaq İdarəsində bu cinayət işinin istintaqını aparan müstəntiq-red.) də deyirəm ki, əgər heç kimi cəzalandırmaq fikriniz yoxdursa, onda qərarı verin mənə, işimi bilim. Deyir ki, Kəmalə ilə bağlı istintaq davam edir, ona görə bu işi yekunlaşdırmaq mümkün deyil”, – Natiq Aslanov Meydan TV-yə danışır.

“Müstəntiq qızımı biabır eləməklə hədələmişdi”

Ata deyir ki, qızının ölümündə birbaşa məsuliyyəti olan Zaur Tarverdiyevə yeni vəzifə verilməsi ona çox pis təsir edib. Bugünlərdə bu barədə məlumat alan kimi, dərhal Bakıya – işi aparan müstəntiqin yanına gəlib, Baş Prokurorluğa məktub göndərib.
Zaur Tarverdiyev hadisə vaxtı Mingəçevir şəhər prokurorunun köməkçisi idi. Hadisə də onun iş otağında baş verib.

Prokurorluğun rəsmi məlumatına görə, Turalə Aslanova Zaur Tarverdiyev və vəkil Emin Kiçikbəyovun yanında özünü pəncərədən atıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas eləmək mümkün olmayıb.

Hadisədən sonra Zaur Tarverdiyev vəzifəsindən uzaqlaşdırılıb. Natiq Aslanov deyir ki, hətta onun ümumiyyətlə, prokurorluqdan xaric olunduğunu demişdilər:

Bir neçə gün əvvəl eşitdim ki, bu adamı yeni vəzifəyə təyin ediblər. İndi də Tovuz Rayon Prokurorluğunda müstəntiqdir. Qızımın ölümüylə bağlı istintaq gedir, iş bağlanmayıb, bu adamı prokurorluqda yeni vəzifəyə göndəriblər. Nə oldu mənə verilən söz? Bəlkə də iş bağlanıb, mənim xəbərim yoxdur. Bağlanıbsa, mənə bu barədə qərarı niyə vermirlər?”.

Natiq Aslanov müstəntiqdən şikayətçi olmasının səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, Zaur Tarverdiyev Turaləni təhdid eləmişdi:

“Lap tutaq ki, deyildiyi kimidir, qızım özünü atıb pəncərədən. Bu adam istintaq aparır, cinayət araşdırır. Necə olur ki, onun gözünün qabağında o boyda adam pəncərəyə qalxır, özünü atır, bu, heç nə eləyə bilmir? Hələ üstəlik, yanında Emin adlı başqa bir vəkil də olub. Ən əsası, Zaur Tarverdiyev qızımı həbs eləməklə, iş yerinə aparıb, iş yoldaşlarının yanında biabır eləməklə hədələmişdi…”.

Fağırlığımdan, kasıblığımdan istifadə eləyib, qızımın qanını batıra bilməyəcəklər”

Natiq Aslanov deyir ki, o, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovla görüşüb. Baş prokuror Kamran Əliyevin bölgələrə səfəri zamanı onun qəbuluna düşməyə çalışsa da, buna nail ola bilməyib.

“Baş prokurorun Samuxa, Goranboya, Gəncəyə səfərlərində onunla görüşmək üçün teleqramlar vurmuşdum, amma görüşə buraxmadılar. Niyə qəbul eləmirlər, bu işin arxasında kimlər durur, bilinmir. Amma onu da bilsinlər ki, öldü var, döndü yoxdur, mən geri çəkilən deyiləm. Mənim fağırlığımdan, kasıblığımdan istifadə eləyib, qızımın qanını batıra bilməyəcəklər”, – Natiq Aslanov əlavə edib.

Turalə Aslanova Mingəçevirdə pasport-qeydiyyat bölməsində inspektor işləyib. O, Mingəçevir Şəhər Prokurorluğunda istintaqı gedən 413 min manatlıq dələduzluqla bağlı cinayət işi üzrə bir neçə dəfə şahid qismində dindirilib. Bu cinayət işində onun iş yoldaşı – maliyyə bölməsinin keçmiş rəisi Kəmalə Quliyevanın da adı keçir. Hadisə günü də prokurorluqda Turalə Aslanova ilə Kəmalə Quliyeva arasında üzləşmə keçirilib. Turalə Aslanova bildirib ki, müxtəlif adamlardan sələmlə götürülmüş pulları Kəmalə Quliyevaya verib. Bir müddət Kəmalə Quliyeva pulların aylıq faizlərini verib, o da sahiblərinə ödəyib. Lakin 2022-ci ilin avqustundan nə alınmış vəsaitlərin özünü, nə də faizini verməyib. Bu üzdən pul sahibləri şikayətçi olub.
Kəmalə Quliyeva isə üzləşmə zamanı Turalə Aslanovanın onun ünvanına səsləndirdiyi ittihamlara etiraz edib.

Son olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən Kəmalə Quliyeva hadisədən sonra işdən çıxarılıb.

Vəkil: “Cinayət işinə xitam verilsə, onun ləğvi üçün şikayət edəcəyik”

Natiq Aslanovun nümayəndəsi, vəkil Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, Turalə Aslanovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 125-ci maddəsilə başlanmış cinayət işinə xitam verilsə – məsuliyyəti olanlar cəzalanmasa, hüquqi müstəvidə növbəti addımlar atacaqlar:

Hələ ki, xitam qərarı yoxdur. Xitam qərarı olsa, əlbəttə ki, onun ləğvi üçün məhkəməyə şikayət edəcəyik”.

Prokurorluqdan isə Meydan TV-yə bildirilib ki, Turalə Aslanovanın intiharıyla bağlı istintaq davam edir:

Bütün hallar tam, hərtərəfli araşdırılır”.

Ana səhifəBölgə“Qızımın ölümüylə bağlı iş bağlanmayıb, bu adamı prokurorluqda yeni vəzifəyə göndəriblər”