close

İctimai əxlasın təkamülü

Azərbaycan siyasi həyatı. Foto: Pilotsevas/shutterstock

Zərdüşt Əlizadə

Külli-əhli-Azərbaycan kimi mən də əminəm ki, bu məkrli namizədlərdən heç biri prezident olmayacaq

Bakı tarixinin parlaq təbliğatçısı Fuad Axundov 1912-ci ildə səhnəyə çıxıb mahnı oxumuş ilk azərbaycanlı qadın müğənni Şövkət Məmmədovanın böylə əxlaqsızlıqdan qəzəblənmiş paytaxt kişiləri tərəfindən az qala öldürülməklə hədələnməsi, öldürməkdən vaz keçmiş kütlənin hirsini teatrın bütün şüşələrini sındırmaqla soyutmasını məharətlə danışır. İndi yarıçılpaq nazənin müğənnilərin səhnələrdən və ekranlardan düşmədiyini xatırlasaq, bir əsr ərzində ictimai əxlaq meyarlarının qəribə sürətlə təkamülünə təəccüblənməyə bilmirsən.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Uzağa, bir əsr geriyə getməyə ehtiyac yoxdur. Milli-azadlıq mübarizəsinin (müxtəsər: MAZM) mitinqlərində meydan bülbülləri kütləni qızışdırmaq üçün partokratların rüşvət aldıqlarını, evlərində oturub videomaqnitofonlarda Qərb filmlərinə baxdıqlarını coşqun ehtirasla danışırdılar. İndi bu bədbəxt videomaqnitofonlar çoxdandır yaddan çıxıb, yüksək məqamlı partokratların vaxtilə rüşvətdən yığdıqları sərvət həddini isə yüz minlərlə (!) vətəndaşımız uğurla vurub yuxarı keçib. Bu yeni “imkanlı” təbəqəyə aid olanlar arasında xeyli sayda sabiq meydan bülbülləri də var.

İctimai əxlaqın və dünyaya baxış özəlliklərinin nisbiliyinə daha bir yarıməzəli misal çəkmək istərdim. 1989-cu ildə qardaşım Araz İran ticarət şirkətində işləyirdi və bir illik məvacibini yığıb Almaniyadan işlənmiş bir “Mercedes” alıb gətirmişdi. O zaman bu ağ alman avtomobili küçələrində yalnız sovet maşınları şütüyən Bakıda ilk “Mercedes” idi. 1990-cı ildə keçirilən parlament seçkilərində Arazın seçicilərlə görüşlərinin hamısında cəbhəçi əkst-əbliğatçılar ona eyni ifşaedici “ölümcül” sualı verirdilər: “Mercedes” sürən insanın parlamentdə xalqın mənafeyini təmsil etməyə mənəvi haqqı çatırmı? Hakimiyyəti məngirləyəndən sonra AXC liderlərinin birinci qayğısı “Mercedes” minmək oldu. İndi isə müstəqil Azərbaycanda xarici maşınların sayı sovet maşınlarından min dəfə çoxdur.

SSRİ-də ilk alternativli nisbətən demokratik seçki 1989-cu ildə Xalq Deputatları Qurultayına keçirildi. Bütün SSRİ-də bu seçkilər nisbətən demokratik şəraitdə keçdi, Baltikyanı respublikalar, Ermənistan və Ukrayna, Moskva və Leninqrad qurultaya parlaq natiqləri, islahat tərəfdarlarını göndərdilər. Tək Azərbaycandan başqa. Vəzirov seçib-seçib Qurultaya rus dilini heç bilməyən və ya siyasətdən başı çıxmayan əmək qabaqcıllarını və başını hakimiyyət axurundan yuxarı qaldırmağa cürəti çatmayan statuslu ziyalıları göndərmişdi. Qurultaya getmiş deputatlarımız arasında yalnız bəstəkar Arif Məlikov, fizik Tofiq İsmayılav və yazıçı Anar nisbətən nə isə deyə bilirdilər, qalanları heç nə anlamayıb susurdu. Niyə belə acınacaqlı vəziyyət yaranmışdı? Çünki seçkilər ordunun nəzarəti altında “xüsusi vəziyyət” rejimində keçirilmişdi. Bunun səbəbi nə idi? Vəzirovu aşırmağa cəhd edən köhnə partya mafiyasının pərdəarxası rəhbərliyi və təhriki ilə 1988-ci ildə keçirilmiş 17-günlük mitinq buna səbəb idi. Meydanda millətçi qaragüruhun liderləri Topxana bəhanəsilə gurultulu sərsəm şüarlar qışqırıb kütləni oynadır, əhalini qeyri-mafioz Birinci katibə qarşı qaldırırdı.

İndi bu demokratiyaya qarşı məkrli sui-qəsdi rəsmən millətin Dirçəliş bayramı elan ediblər və bu barədə məntiqlə heç cür uyuşmayan nağıllar danışırlar. Üstünlük təşkil edən ictimai əxlaq hələlik bu siyasi tovlamaya dözür. O cür dirçəlmiş xalqın günü-vəziyyəti olandan yaxşı ola bilməz.

O zamanın ictimai əxlaqı siyasi dələduzlara Lenin adına meydana 60-70 min avam insanı toplamağa imkan verirdi. İndi bu əxlaqın təkamülü və həmin Dirçəlişin nəticəsində hakimiyyətə gəlmiş hakim siyasi sinfin mədəniyyət meyarları meydanlara heç 10 min insanı toplamağa imkan vermir.

Azərbaycanda ilk alternativli prezident seçkisi keçirmək cəhdi 1991-ci ilin sentyabr ayında baş verdi. O zaman AXC sözün həqiqi mənasında bərbad vəziyyətdə idi, dinc mədəni siyasi mübarizə aparmaq mədəniyyəti və vərdişləri bu təşkilatda yox dərəcəsində idi. AXC liderləri prezident seçkisinə qatılmadılar, öz aləmlərində, lap elə indiki kimi, “boykot” elan etdilər. Ölkədə AXC-dan başqa rəsmi qeydiyyatı olan yeganə siyasi qurum Azərbaycan Sosial-Demokrat Qrupu idi. Ümumi hüquqi nihilizm şəraitində hətta Azərbaycan Kommunist Partiyasının rəsmi qeydiyyatı yox idi. Kiçik, təxminən 250 nəfər şəhər və kənd ziyalısını birləşdirən ASDQ prezident seçkilərinə qatılıb öz varlığını bildirmək, müşküllərin demokratik həlli yollarını göstərmək qərarını qəbul etdi. Təşkilat namizəd kimi, kəskin etirazıma rəğmən, sizin həqir bəndənizi irəli sürdü. Mən də şərt kəsdim ki, çıxışlarımı edəcəyəm, lakin seçki gününə 10 gün qalmış namizədliyimi geri çəkəcəyəm, zira partokrat dələduzlarla siyasi qumar oyununa heç vaxt razı olmaram, necə ki, AXC dələduzları ilə bir sırada durmağı özümə rəva qılmamışdım.

İndiki şəraitdə bu, yuxu kimi gələ bilər, lakin mənə respublika televiziyası ilə 8 yarımsaatlıq çıxış hüququ (4 saat!) verildi. Sizin həqir bəndəniz mən 6 yarımsaatlıq çıxışımda ən mühüm siyasi, iqtisadi və ictimai məsələlərə münasibətimi bildirdim. Rəqibim Mütəllibovu da o ki var, mədəni tərzdə yıxıb sürüdüm. Çıxışlarım AZ.TV arxivlərində, çox güman ki, durur, ancaq heç kəsə sərf etmir deyə göstərilmir.

Paho-o! AXC fəallarına elə bil od vurdular. Hər tərəfdən üstümə tökülüb seçkidə iştirak hüququmdan istifadə etməməyimi tələb etdilər. Ha onlara vətəndaşın konstitusion seçmək və seçilmək hüququndan danışdım, anlamadılar, “Mütəllibova alternativ olma” dedilər. Həmin an AXC marallarını iki şey qəzəbləndirirdi: AXC-dən savayı niyə başqa təşkilat hakimiyyət uğrunda mübarizəyə qatılır və niyə Mütəllibova qanuni seçilmək şəraiti yaradılır? Yadlarına düşmürdü ki, qarşılarında dayanan adam AXC-nin ilk məramnaməsini yazmış və onun ilk həqiqətən demokratik, AXC-yə ilk siyasi qələbələri qazandırmış İdarə Heyətinin üzvü olmüşdu. Onlardan sakitcə soruşanda ki, Mütəllibovun Ali Sovet tərəfindən prezident seçilməsinə razılıq vermiş AXC liderlərinə niyə buna görə töhmət verilib və siz buna niyə susurdunuz, məlum olurdu ki, bu qəziyyədən tam bixəbərdirlər. Necə ki, dünyanın bütün işlərindən, illah ki, Azərbaycanda hakimiyyət uğrunda gedən və AXC-nin zopa kimi istifadə edildiyi pərdəarxası çəkişmələrdən bixəbər idilər.

İndiki namizədlərə televiziyada təbliğat üçün nə qədər havayı vaxt verilib, hamı bilir və görür. İndiki müxalifət namizədlərinin çıxışlarının məzmununu hamı görür və eşidir. Mən sadəcə favorit namizəd İlham Əliyev sarıdan nigaranam.

Müxtəsər, işlər elə getdi ki, AXC çevrilişlə özü hakimiyyətə gəldi və sizin həqir bəndənizin bədbin öncəgörməsinə uyğun olaraq bir ildən sonra hakimiyyəti Elçibəyin bütünə-sənəminə təhvil verib “müxalifət”ə keçdi. Bundan sonra ölkəmizdə 18 müxtəlif səviyyəli (prezident, Milli Məclis və bələdiyyə) “seçki”si keçirilib. Bunların hamısını müxalifət biabırcasına uduzub və Əliyevlərin siyasi zümrəsini ölkənin şübhəsiz külli-ixtiyar ağasına çevirib.

1991-ci il prezident seçkilərində sizin həqir bəndənizin iştirakını xalqa və demokratiyaya az qala xəyanət kimi qiymətləndirmiş siyasi zümrənin bəzi fəalları indiki prezident seçkilərində “müxalifət” namizədləridir. Mən o zamankı və indiki siyasi çəkişmənin səviyyələrini və məzmununu müqayisə edirəm.

Seçicilərlə görüşümə qadağan qoyulmuşdu. Seçki plakatlarımı mənə seçki qurtarandan iki gün sonra verdilər. Mənə o zaman 4 saat respublika televiziyası ilə çıxış imkanı verilmişdi, mən 3 saat çıxış etdim, sonra namizədliyimi geri çəkdim.

İndiki namizədlərə televiziyada təbliğat üçün nə qədər havayı vaxt verilib, hamı bilir və görür. İndiki müxalifət namizədlərinin çıxışlarının məzmununu hamı görür və eşidir. Mən sadəcə favorit namizəd İlham Əliyev sarıdan nigaranam. Müxalifətçi namizədlər sözü bir yerə qoyub ona qarşı sanki hansısa məkrli bir nəqşəni həyata keçirirlər: müzəffər Ali Baş Komandanı başdan ayağa elə yalayırlar ki, qorxuram nəzilib-nəzilib üzülsün.

Hər halda, külli-əhli-Azərbaycan kimi mən də əminəm ki, bu məkrli namizədlərdən heç biri prezident olmayacaq.

Ana səhifəMənim Fikrimcəİctimai əxlasın təkamülü